Bakıdakı tibb müəssisələrində saxta COVİD-19 pasportunun satışı üzə çıxıb

Bir neçə tibb işçisi məsuliyyətə cəlb olunub

Source: Meydan Tv


Bir neçə tibb işçisi məsuliyyətə cəlb olunub

Bakıda bir sıra tibb müəssisəsində vətəndaşlara rüşvətlə koronavirus əleyhinə peyvənd olunmaları haqda saxta COVİD-19 pasportu verilməsilə bağlı yeni hallar aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 29 saylı xəstəxanada, Yasamal rayonunda yerləşən 3 saylı poliklinikada, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 7 saylı xəstəxanada, Səbail rayonundakı 33 saylı poliklinikada bu cür halların baş verdiyi ortaya çıxıb. Buna görə sözügedən tibb müəssisələrində çalışan xeyli işçi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında tibb bacıları, kompüter qeydiyyatçıları və s. əməkdaşlar var.

Məlumata əsasən, saxta COVİD-19 pasportu alan vətəndaşlar bir çox halda heç tibb müəssisəsinə gəlməyiblər. Rüşvət müqabilində onların adları guya peyvənd olunmaları haqda “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil edilib.

Binə qəsəbəsindəki 29 saylı xəstəxananın tibb bacıları Ü.Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova və S.Dadaşzadənin 33 saylı poliklinikanın əməkdaşı E.Əliyevlə əlbir olduğu, onların saxta COVİD-19 pasportuna görə 300 manat pul aldıqları iddia olunur.

Maştağa qəsəbəsindəki 7 saylı xəstəxana və Yasamal rayonundakı 3 saylı poliklinikada isə tibb bacıları S.Mahmudova və A.Bağırovanın hər doza vaksin barədə saxta sənədləşmə üçün 50-100 manat aldıqları bildirilir.

Üzə çıxan faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır: “İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Cinayət məsuliyyətinə cəlb olunan şəxslərin özləri və ya vəkillərinin bu ittihama münasibəti məlum deyil.

Ana səhifəXəbərlərBakıdakı tibb müəssisələrində saxta COVİD-19 pasportunun satışı üzə çıxıb