Bakıdakı Rusiya səfirliyinin qarşısında ”Savçenkoya azadlıq!” aksiyası keçirilib

Etirazçılar Nadejda Savçenko ilə yanaşı Xədicə İsmayılovanın da şəkillərini qaldırıb.

Source:

Martın 24-də D18 Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında “Nadejda Savçenkoya azadlıq!” şüarı ilə piket keçirib. Etirazçılar Nadejda Savçenko ilə yanaşı Xədicə İsmayılovanın da şəkillərini qaldırıb.

Ukrayna Ali Radasının deputatı, hərbi pilot Nadejda Savçenko Rusiya-Ukrayna münaqişəsi zamanı saxlanılıb və 22 il həbs cəzasına məhkum edilib. Beynəlxalıq ictimaiyyət Savçenkonun saxlanmasını və uzun müddətə həbsə məhkum edilmnəsini qınayan bəyanatlarla çıxış etməkdədir.

D18 Hərəkatının lideri Ruslan İzzətli səfirliyin giriş qapısı önündə piketin bəyanatını oxuyub:

“D18 Hərəkatı N.Savçenko barəsində məhkəmə prosesini və onun haqqında çıxarılan qanunsuz və əsassız hökmü beynəlxalq hüquq normalarına zidd hesab edərək qətiyyətlə pisləyir. Xanım Savçenkonun məhkəmə zamanı məğrur davranışı, məhkəmədəki son sözü Putin rejiminin mahiyyətini bir daha ortaya qoyur. D18 Hərəkatı Rusiya hakimiyyətindən Nadejda Savçenkonu dərhal azad edilməsini bir daha tələb edir”, bəyanatda qeyd edilir.

D18 Hərəkatı hesab edir ki, demokratik dünya Putinin imperializm siyasətinə susmamalıdır.

“Demokratiya sərhəd məsələsi deyil. Demokratiya harada və kim tərəfindən pozulmasından asılı olmayaraq biz haqq səsimizi hər zaman ucaltmalıyıq. Biz həm Savçenkonun, həm də Xədicə İsmayılovanın şəkillərini qaldırmaqla, demokratiya uğrunda mübarizlərin hamısının həbsdən azad edilməsini tələb etdiyimizi nümayiş etdirdik. Nə qədər ki, Putin rejimi mövcuddur MDB məkanında demokratiya uğrunda mübarizə asan olmayacaq”, Ruslan İzzətli bildirib.

Rusiya səfirliyindən D18 Hərəkatının bəyanatını qəbul edən olmayıb. Yalnız bir diplomat avtomobilini səfirliyin qapısı önündə dayandıraraq aksiyanı mobil telefonui vasitəsi ilə çəkib.

Əraziyə polis əməkdaşları gəlsə də insident qeydə alınmayıb.

(Amerikanın səsi)

Ana səhifəXəbərlərBakıdakı Rusiya səfirliyinin qarşısında ”Savçenkoya azadlıq!” aksiyası keçirilib