“İlin əvvəlindən bu günə qədər Bakı şəhərində 56 yol qəzası baş verib”.
“Cari ilin əvvəlindən bu günə qədər Bakı şəhəri ərazisində 56 yol qəzası baş verib ki, bu qəzalarda 10 nəfər ölüb, 56 nəfər xəsarət alıb”. Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib “Report”a açıqlamasında bildirib.
Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayında azalma müşahidə olunub: “Ötən ilin müvafiq dövründə 88 yol-nəqliyyat hadisə baş verib ki, bu hadisələr zamanı 25 nəfər ölüb, 91 nəfər isə yaralanıb. DYP əməkdaşlarının apardığı məqsədyönlü tədbirlərin nəticəsi olaraq, yol qəza hadisələrinin və bu hadisələr zamanı ölən və yaralananların sayı azalıb”.
Dövlət Yol Polis İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov həmçinin ilin əvvəlindən bu günə qədər qayda pozuntularının sayını da açıqlayıb. Belə ki, qayda pozan sürücülərə qarşı DYP əməkdaşları tərəfindən 144 minədək inzibati protokol tərtib edilib.
Vaqif Əsədov cari ilin əvvəlindən bu günə qədər qayda pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən 84 488 inzibati protokol tərtib edildiyini bildirib: “Bundan başqa, Mərkəzi Məlumat Xidmətinin (MMX) texniki vasitələrinin köməyi ilə aşkar olunan 59 474 qayda pozuntusuna görə sürücülərə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında elektron protokol tərtib olunub. Bu müddət ərzində 1 564 sərxoş sürücü aşkarlanıb, işıqforun tələblərini pozmaqla 1 188 qayda pozuntusu qeydə alınıb”.