Bakının Neftçilər metrosu yaxınlığında transgender qadına qarşı zorakılıq hadisəsinin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra Qıy Vaar, QueeRadar, Minority Azərbaycan, Transvisionary, Q Collective və Femkulis aktivist təşkilatları birgə bəyanat yayıblar.
Nə baş verib?
Bakının Neftçilər metrosu yaxınlığında, küçədə transfob hücum hadisəsi baş verib. Maşında hərəkət edən 3 nəfər canlı yayım açaraq, yolda trans qadına daş atıblar. Onlar daşın qadının ayağına dəydiyini deyib gülür, təhqiramiz ifadələr səsləndiriblər. Hadisənin dəqiq nə vaxt baş verdiyi məlum deyil. Məsələ ilə bağlı aidiyyəti qurumlar şərh verməyib.
Aktivistlərin birgə bəyanatında deyilir ki, Azərbaycanda LGBTİQ+ vətəndaşlar, xüsusilə trans qadınlar, illərdir ictimai yerlərdə fiziki zorakılığa, təhqir və hətta qətllərə məruz qalırlar:
“Bu zorakılıq hadisələri təsadüfi deyil, cəmiyyətə kök salmış transfobiyanın, dövlətin passivliyinin və cəzasızlıq mühitinin nəticəsidir. Transfobiya yalnız zorakılıq aktları ilə məhdudlaşmır; sosial münasibətlərdə, mediada, hüquqi boşluqlarda və dövlət qurumlarının hərəkətsizliyində də özünü göstərir. Bu vəziyyət nifrətin legitimləşməsinə və LGBTİQ+ vətəndaşların gündəlik həyatında təhlükə hissinin davam etməsinə səbəb olur”.
Bəyanat iştirakçıları Neftçilər metrosu yaxınlığında baş verən hücumu törədən şəxslərin dərhal müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.
“Dövlət qurumları LGBTİQ+ vətəndaşlara qarşı nifrət zəminində zorakılığı açıq şəkildə pisləsin və preventiv tədbirlər həyata keçirsin. Hüquq-mühafizə orqanlarında cinsi oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkiliyə qarşı maarifləndirmə aparılsın. Azərbaycan hökuməti beynəlxalq insan hüquqları öhdəliklərinə əməl edərək, “cinsi oriyentasiya” və “gender kimliyi” ifadələrini milli qanunvericiliyə daxil etsin və qanunları beynəlxalq standartlara uyğunlaşdırsın. BMT Müstəqil Mütəxəssisinin Azərbaycana dəvəti qəbul edilsin və bu sahədə əməkdaşlıq təmin olunsun. Dövlətin susqunluğu nifrət cinayətlərini təşviq edir və zorakılığın miqyasını artırır. Biz hüquq-mühafizə orqanlarını dərhal hərəkətə keçməyə, cinayətkarları cəzalandırmağa və bütün vətəndaşların təhlükəsizliyini təmin etməyə çağırırıq”, – bəyanatda qeyd edilib.
Azərbaycanda LGBTİQ+ və digər sosial azlıqlar uzun illərdir güclü diskriminasiyaya, qınağa, təzyiq və zorakılığa məruz qalırlar.