Bakıda terror cəhdində ittiham olunan Rusiya vətəndaşına 11 il həbs cəzası tələb olundu

Prokuror çıxış edib

Source: Report


Prokuror çıxış edib

Ermənilərin Qarabağda hərbi təlimlərində iştirak edib, daha sonra terror məqsədilə Bakıya gəlməkdə ittiham olunan Rusiya vətəndaşı Eduard Dubakovla bağlı məhkəmə istintaqı yekunlaşıb. İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı çıxış edərək, onun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, Eduard Dubakovun Kəlbəcər rayonu işğal altında olduğu dövrdə orada ermənilərin təşkil etdiyi hərbi təlimlərində iştirak etməsi, onların tapşırığıyla 2021-ci ilin yanvarında terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlməsi barədə ittiham aktında yazılanlar məhkəmədə təsdiqlənib. Onun əməllərinin Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq məqsədi ilə təlim keçmə), 218.2 (Cinayətkar birlik, mütəşəkkil dəstənin tərkibində iştirak) və 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrinə düzgün tövsif olunduğunu vurğulayan dövlət ittihamçısı çıxışında Eduard Dubakovun cəzasını çəkəndən sonra Azərbaycandan deportasiya olunmasını da təklif edib.

Prokurordan sonra çıxış edən vəkil bildirib ki, Eduard Dubakov işğal altındakı ərazilərdə ermənilərin təşkil etdiyi hərbi təlimlərdə iştirak etsə də, Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşməyib: “Xahiş edirəm, məhkəmə hökm çıxararkən bu faktı yüngülləşdirici hal kimi nəzərə alsın”.

Eduard Dubakovun özünə isə son sözünə hazırlamaq üçün iyulun 22-nə qədər vaxt verilib. O, son sözünü deyəndən sonra Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedəcək.

Eduard Dubakov məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bildiyini deyib. Atasının Bakı ermənisi olduğunu, burada doğulub böyüdüyünü deyən təqsirləndirilən şəxs iddia edib ki, o, 2018-ci ildən Azərbaycan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etdiyinə görə bu ilin yanvarında Bakıya gəlmişdi: “Bakıya həm pul mükafatını, həm də tapşırıq almağa gəlmişdim. Gəlişim barədə xəbər verdim, harada olduğumu dedim. Bulvarda qəfildən məni həbs elədilər”.

Eduard Dubakov eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarıyla da əməkdaşlıq etdiyini bildirib.

Ana səhifəSiyasətBakıda terror cəhdində ittiham olunan Rusiya vətəndaşına 11 il həbs cəzası tələb olundu