Memar: “İqtisadi artım, ölkəyə turistlərin cəlb edilməsi təkcə parkların salınması ilə mümkün olmayacaq”
Mayın 9-da Bakıda daha bir tarixi tikili – Xətai rayonundakı Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli bina sökülüb.
Bina Rotşild kontor binası və məşhur Şağıdanov (sonradan Tağıyev) pasajının müəllifi olan polyak memarı Kazimir Skureviçin layihəsi əsasında 1895–1897-ci illərdə tikilmişdi.
Tarixi binanın söküntüsü sosial mediada narazılıqlara səbəb oldu.

Arxitektor Stasia Orlova-Stroganova özünün “Facebook” statusunda belə bir tarixi binanın söküntüsünə öz etirazını bildirib.
“Bu bina təkcə fiziki olaraq yox olmadı — o, həm də tarixi abidələr siyahısından silindi. Çox sakit, çox hiss olunmadan. Halbuki bu bina sadəcə daş və kərpic deyildi — bu, dövrünün canlı şahidi, memarlıq incisi idi”.
“Son ümidimiz “Təzəpir məhəlləsi”nin söküntüsünün qarşısının alınmasıdır”
Tarixi binaların söküntüsü ilə bağlı Meydan TV-yə danışan memar Dilqəm İsmayılov deyib ki, hazırda “Bayırşəhər” adlandırılan ərazidəki “Təzəpir” məscidinin məhəlləsi də sökülmə təhlükəsi ilə üz-üzədir:
“Artıq Bakı Şəhər İcra Hakimiyyəti köçürmə komissiyası yaradıb. Həmin ərazilər Bakının yeni Baş planına əsasən xüsusi mühafizə zonasıdır. Orada hansısa söküntü işlərindən, park salınmasından söhbət gedə bilməz. Şəhərin bu hissəsinin sökülməsi, Bakının, həmçinin Azərbaycan tarixinin bir hissəsinin silinməsinə gətirib çıxaracaq. Bu da orada yaşayan insanların, icmaların – formalaşmış qonşuluq siyasətinin sonunu gətirəcək. Yəni təkcə tarixi, memarlıq tərəflərindən başqa həmin ərazilərdə yaşayan insanlar üçün də ciddi-psixoloji nəticələri olacaq”.

Dilqəm İsmayılov bildirir ki, bu məsələni bir neçə memarla birgə dəfələrlə hökumət nümayəndələri səviyyəsində qaldırıblar, lakin nəticəsiz qalıb.
O, hesab edir ki, Bakıda iqtisadi artım, ölkəyə turistlərin cəlb edilməsi təkcə parkların salınması ilə mümkün olmayacaq.
Bunun üçün düzgün layihələndirmə lazımdır.
Memar həmçinin Bakı sakinlərinin, şəhərin gənclərinin və kreativ kəsiminin bu məsələdə heç bir söz və təklif haqqı olmadığını, bütün qərarların məmurlar tərəfindən, məlum olmayan şərtlər altında verildiyini deyir:
“Bakının kvartal tipli şəhərsalma strukturu mütləq saxlanılmalıdır. Həmin ərazilər arasında təbii ki, hansısa gecəqondular, yaxın vaxtlarda tikilmiş artırmalar və qarajlar var. Bunun üçün də şəhərin bərpasına peşəkar yanaşma olmalıdır, ciddi analizlər aparılmalıdır. Tarixi abidələrin sökülməsini planlaşdıran qurumların fəaliyyəti, Prezidentin sərəncamı və Baş nazirin təsdiqlədiyi yeni Baş plana tamamilə ziddir. Hər bir şəhərin konstitusiyası onun Baş planıdır. Son ümidimiz “Təzəpir məhəlləsi”nin söküntüsünün qarşısının alınmasıdır. Əgər həmin ərazi sökülərsə, bu, Bakının tarixinin kütləvi şəkildə silinməsi ilə nəticələnəcək. Burada söhbət tək-tük ev və binalardan deyil, çox geniş bir ərazidən gedir”.
Tarixçi-alim Altay Göyüşov qeyd edir ki, tarixi memarlıq abidələri statusu daşıyan binaların dövlət qeydiyyatından çıxarılaraq sökülməsi, əsasən maliyyə maraqları ilə bağlıdır. Çünki bir çox tarixi binaların yerləşdiyi ərazilər Bakının bahalı hissələridir.
““Sovetski”nin söküntüsü zamanı dedilər ki, orada “nəşəxorlar” yaşayır“
Göyüşov əlavə edir ki, burada yalnız şəxsi qazanc deyil, həm də siyasi məqsədlər də ön plandadır:
“Bizdə avtoritar rejimdir və bu rejimin tarixə bir qram hörməti yoxdur. Sadəcə olaraq, öz imzasını qoymaq, öz irsini yaratmaq istəyir – amma bunu da öz təsəvvür etdiyi şəkildə həyata keçirir. Hakimiyyət Bakını Dubaya çevirmək niyyətindədir, bu isə şəhərin tarixi simasını məhv etməklə həyata keçirilir”.

Tarixçi-alim xatırladır ki, əvvəllər Bakıda yaşıllıq sahələri çox olub, lakin SSRİ dağıldıqdan sonra bu sahələrin böyük hissəsi nəzarətsiz şəkildə sıradan çıxarılıb.
“Elə bu hökumətin öz məmurları həmin yaşıllıqları yeni binalar tikmək məqsədilə məhv etdilər”, – tarixçi bildirir.
O, qeyd edir ki, parklar çox zaman ölkənin tarixi hesabına – yəni tarixi binaların sökülməsi və abidələrin məhv edilməsi bahasına salınır:
“Halbuki yaşıllıq, yeni binalar və parklar şəhər üçün vacibdir. Amma bütün bunlar elə həyata keçirilməlidir ki, tarixə zərər dəyməsin. Azərbaycan hökumətinin rəhbərliyi tarixə dəyər vermir. Bu münasibət təkcə Bakıya deyil, ölkənin digər bölgələrindəki abidələrə də aiddir. Müxtəlif yerlərdə tarixi abidələr sökülüb, saxtalaşdırılıb, bu sahədə min cür oyun çıxarılıb”.
Altay Göyüşov hesab edir ki, tarixi abidələrin qorunması məsələsində yalnız hökumət deyil, cəmiyyətin özü – xüsusilə ziyalılar və yaradıcı insanlar da mövqe nümayiş etdirməli, tarixlərinə sahib çıxmalıdırlar.
“Təəssüf ki, insanlarda tarixə qarşı qayğıkeş münasibət formalaşmayıb, bu məsələ nə düzgün tərbiyə olunub, nə də tədris edilib. Nəticədə cəmiyyət tarixi abidələrinin sökülməsinə biganə yanaşır. Burada əsas rolu Azərbaycanın ziyalısı, alimi, yazıçısı, şairi, rəssamı, incəsənət adamları oynaya bilərdi. Onlar da danışmırlar. Əvvəla, qorxurlar, ikincisi isə sadəcə biganədirlər”, – Göyüşov bildirir.
O, vurğulayır ki, on illərdir bu proses davam edir – tarixi binalar ard-arda sökülür:
“Məsələn, “Təzəpir” ətrafındakı gözəl memarlıq nümunələrini dağıtdılar. Hansı binanı sökmək istəyirlərsə, əvvəlcə onu tarixi abidələr siyahısından çıxarırlar. Guya ekspert qrupu qərar verir, amma əslində tapşırıq yuxarıdan – İcra Hakimiyyəti və Prezident Administrasiyasından gəlir”.
Göyüşov əlavə edir ki, hər dəfə bir ərazini sökmək üçün uydurma, qeyri-ciddi və biabırçı arqumentlər də irəli sürülür:
““Sovetski”nin söküntüsü zamanı dedilər ki, orada “nəşəxorlar” (narkotik asılılığı olan şəxslər nəzərdə tutulur – red.) yaşayır. Bu nə söhbətdir? Söhbət tarixi abidədən gedir”.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti Meydan TV-nin zənglərini cavablandırmayıb.
Formalaşmış şəhər kimliyi?…
Bakıda tarixi bina və məhəllələrin sökülməsinə hələ 2000-ci illərin əvvəlindən başlanılıb.
“Sovetski məhəlləsi”nin bir hissəsi, Dağüstü Parkın ətrafı, Füzuli və digər mərkəzi küçələrdə yerləşən çoxsaylı tarixi tikililər və məhəllələr ləğv edilib.
Söküntülər adətən şəhərin “müasir inkişafı” ilə əsaslandırılıb.
Mütəxəssislər isə hesab edirlər ki, bu proses həm memarlıq irsinə, həm də formalaşmış şəhər kimliyinə zərər vurur və proses hələ də davam edir.
Rəsmi məlumatlara görə, vaxtilə Bakıda 1956 tarixi bina mövcud olub. Lakin Nazirlər Kabineti tərəfindən müxtəlif dövrlərdə bu abidələrin bir hissəsi dövlət qeydiyyatından çıxarılıb.
Nəticədə, son illərdə 70-ə yaxın çoxəsrlik tarixi bina sökülüb, bəzi məhəllələr isə ləğv olunub.
2012-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 7-ci maddəsinə edilən dəyişiklik də bu prosesə daha da təkan verib.
Dəyişikliklərə əsasən, hər hansı bir tarixi binanın dövlət mühafizəsi statusunun ləğvi üçün Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, müvafiq rayon icra hakimiyyəti və Nazirlər Kabinetinin razılığı tələb olunur.
Memarların fikrincə, 2023-cü ildə təsdiqlənmiş Bakının yeni Baş planına əsasən, tarixi əhəmiyyətə malik məhəllə və binalar qorunmalı, onların sökülməsinə yol verilməməlidir.
Lakin bəzi məmurlar şəxsi maraqları naminə bu əraziləri yeni planın tələblərinə məhəl qoymadan dövlət qeydiyyatından çıxarır və nəticədə həmin tikililər sökülür.
Memarlar isə bununla bağlı davamlı olaraq aidiyyəti qurumlara məktublar ünvanlayıb, bu söküntülərin dayandırılmasını istəyirlər. Onlar deyirlər ki, müraciətləri hər dəfə nəticəsiz qalır.