Saxlanılan şəxslər özlərini AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər
“Əhmədi Sülh və İşıq Dini” (AROPL) təriqətinin iki üzvünün Bakıda həbs olunduğu bildirilir.
Hadisənin Nəsimi rayonu Azadlıq prospektində – “28 Mall” ticarət mərkəzinin qarşısında baş verdiyi deyilir.
Qeyd olunur ki, 1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə doğulmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində AROPL-u təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb.
Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb ediblər.
Bildirilir ki, Teymur Əliyevlə Həsən Cavadov polisə tabe olmadıqları üçün 22-ci Polis Şöbəsinə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib.
Saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Aba El-Sadıkın qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər.
1983-ci il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.
Bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında da aksiya keçirmişdi.
Sosial şəbəkələrdə verilən məlumata görə, aprelin 22-də təriqətin 6 nəfər üzvü Nəsimi rayonu Cəfər Cabbarlı heykəlinin yanında dini plakatlar açıblar.
Bildirilir ki, onlar polis tərəfindən saxlanılıb və barələrində heç bir məlumat yoxdur.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət bildirilməyib.