Bakıda saxta dollar satan əcnəbilərin cəzası 10 ildən 6 ilə endirildi

Məhkəmə Avropa Oyunları zamanı həbs olunan Belçika vətəndaşlarının apellyasiya şikayətinə baxıb

Source:
Samuel Honqla
Samuel Honqla


Məhkəmə Avropa Oyunları zamanı həbs olunan Belçika vətəndaşlarının apellyasiya şikayətinə baxıb

Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Belçika vətəndaşları Samuel Honqla və Martial Luis Maputun apellyasiya şikayətinə baxılıb. Onlar Cinayət Məcəlləsinin 204-cü maddəsilə (saxta pul hazırlamaq və satmaq) ittiham olunublar. Hər iki Belçika vətəndaşı Birinci Avropa Oyunları zamanı – 2015-ci il aprelin 3-də 10 min saxta dolları Bakıda 5 min manata satarkən saxlanılıb.

Meydan Tv-nin məlumatına görə, Samuel Honqla məhkəmə iclasında etmədikləri cinayət əməlində ittiham olunduqlarını deyib: “Biz etmədiyimiz cinayətə görə həbs edilmişik. Azərbaycana turist kimi gəlmişdik, tutdular. Xahiş edirik, əl izlərimiz, DNT analizlərimiz götürülsün. Bizim işimizə ədalətlə baxmayıblar“.

Martial Luis Maput da məhkəmənin işə düzgün baxmadığını deyib: “Prosesin əvvəlindən bizim xeyrimizə heç nə baş verməyib. Buna görə də, biz hökmdən apellyasiya şikayəti verdik. Çünki o hökmdə 10 günlük yox, 10 illik həbsdən söhbət gedir“.

Təqsirləndirilən şəxslərin vəkili Şəhla Hümbətova müvəkkilləri barədə bəraət hökmünün çıxarılmasını istəyib: “Onların müdafiə hüququ kobud şəkildə pozulub. Onlara formal olaraq, müdafiəçi və tərcüməçi verilib. Yalnız, Azərbaycan dilində sənədlərə imza atdırılıb, onlar da nəyi imzaladıqlarını bilməyiblər. Sonradan iş materiallarına onların bildiyi ingilis və fransız dillərinə tərcümə olunmuş sənədlər daxil edilib. Həmin sənədlərdə müvəkkillərimin imzası yoxdur. Deməli, həmin sənədləri sonradan hazırlayıblar. İttiham aktı ilə tanış olanda başa düşüblər ki, ilkin istintaq zamanı tərcüməçi və vəkil onları aldadıb, onlara öz əlehlərinə olan ifadələrə imza atdırıblar. Üstəlik, məhkəmə qərarı olmadan onların yaşadığı evdə axtarış aparılıb”.

Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən, Samuel Honqla və Martial Luis Maputun cəzası 10 ildən 6 ilə endirilib.

Noyabrın 23-də onların hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərBakıda saxta dollar satan əcnəbilərin cəzası 10 ildən 6 ilə endirildi