Proses aprelin 26-na təyin olunub
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Meydan TV-yə verilən məlumata görə, cinayət işinin materialları ilə vəkil və təqsirləndirilən şəxs tanış olduqdan sonra ittiham aktı təsdiq edilib və baxılmaq üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə məhkəmə prosesi aprelin 26-da başlayacaq. İşə hakimi Samir Əliyev sədrlik edəcək.
Rəsmi məlumatlara görə, Marat Ueldanov (Qalustyan) keçən ilin yayında saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb.
Marat Ueldanovun bacısı Mariana Mirzoyanın “Rusarminfo”ya verdiyi açıqlamaya görə, o, 2016-cı il iyunun 9-dan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. (https://www.meydan.tv/az/article/dtx-formula-1-yarisinda-calisan-ermeni-esilli-rusiya-vetendasini-hebs-edib/)
Avstriyanın “Do&co” şirkətinin əməkdaşı olan Ueldanov Bakıda keçirilən “Formula 1” yarışları zamanı qida təşkili məsələləri ilə məşğul olub.
Bacısı bildirib ki, Marat 1982-ci ildə Bakıda anadan olub: “Pasportuna erməni soyadı yox, həyat yoldaşının soyadı yazılıb. O, 2015-ci ilin martında Birinci Avropa Oyunlarında çalışıb. 2016-cı il iyunun 6-da çalışdığı “Do&co” şirkəti vasitəsilə Bakıya göndərilib. Bakıya gələndən sonra onunla əlaqə qurmaq mümükün olmayıb” – deyə bacısı bildirib.
Sonradan məlum olub ki, iyunun 9-da Marat və iş yoldaşı Yelena Makarenko həbs olunub. 15 gündən sonra Yelenanı saxlanma təcridxanasından azad ediblər və o, Moskvaya qayıdıb.
Bacısı bildirib ki, Marat Bakıda doğulub və kimsə onun erməni olması barədə məlumat verib.