“Müsəlman Birliyi” Hərəkatı üzvlərinin saxlanmasına etiraz olaraq bəyanat yaydı
“Müsəlman Birliyi” Hərəkatının koronavirusa qarşı mübarizə məqsədilə Bakıda keçirdiyi aksiyanın iştirakçılarından Samir Babayevə 30 sutka inzibati həbs cəzası verilib. Sabunçu Rayon Məhkəməsinin qərarıyla o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsilə təqsirli bilinib.
“Müsəlman Birliyi” Hərəkatı isə üzvünün həbsini keçirdikləri aksiya ilə əlaqələndirir. Təşkilatın üzvü olan gənclər martın 20-də Bakıda – metronun “28 May” stansiyasının yaxınlığında əhaliyə qoruyucu maskalar və virusdan qorunmanın yolları əks olunmuş broşürlər paylayıblar. Aksiyanı keçirənləri saxlayıb polis idarəsinə aparsalar da, sonradan sərbəst buraxılıblar. “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun bildirdiyinə görə, onlara polis idarəsində deyilib ki, bu cür sosial aksiyalar üçün də əvvəldən müvafiq orqanlardan icazə alınmalıdır: “Bundan sonra belə tədbirlər olarsa, əvvəlcədən müraciət edib icazə alınması tövsiyə olunub”.
Martın 20-də saxlanılıb-buraxılanlar arasında Samir Babayev də olub. Lakin gecə saatlarında onu yenidən polisə çağırıblar:
“Gecə saatlarında Samir Babayevə yenidən zəng gəlib, onu təkrar 14-cü polis bölməsinə çağırıblar. Telefonda deyiblər ki, bundan əvvəl çıxanda qol çəkməli bir sənədə imza atmayıb. Samir də bölməyə gedib, martın 21-də səhərə qədər orada saxlayıblar. Günorta saatlarında Sabunçu rayon Məhkəməsinə aparıblar. Orada haqqında 30 sutkalıq həbs qərarı çıxarılıb”.
“Müsəlman Birliyi” Hərəkatı həm S.Babayevin, həm də bir həftə öncə tutulan başqa üzvü Elvin Muradovun həbsilə əlaqədar bəyanat yayıb.
“Etirazlara baxmayaraq, Azərbaycanda hakimiyyət haqqın səsini boğmaq üçün bu gün də qanunsuz həbsləri çıxış yolu kimi görür. “Müsəlman Birliyi” Hərəkatı da belə yanlış siyasətin qurbanıdır. Üzvlərimiz olan gənc şair Elvin Mürvətoğlu və Samir Babayevin həbsilə simasında hərəkat növbəti dəfə irticanın hədəfinə çevrilib. Hər kəsə bəllidir ki, onlara qarşı saxta ittihamların, qurama qərarlarının arxasında gənclərin fəaliyyəti dayanır.
Biz “Müsəlman Birliyi” Hərəkatı olaraq, Elvin Mürvətoğlu və Samir Babayevin həbsini qanunsuz hesab edir, onların azadlığa buraxılmasını tələb edirik. Eyni zamanda, qanunsuzluqların qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciət edir, onları hakimiyyətin qanunsuz addımlarına biganə qalmamağa çağırırıq”, – deyə bəyanatda bildirilir.
“Elvin Mürvətoğlu” imzasıyla şeirlər yazan Elvin Muradov martın 13-də həbs olunub. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham irəli sürülüb. Vəkili Nazim Musayevin bildirdiyinə görə, E.Muradov özünü təqsirli bilmir, üstündən silah tapılması haqda iddiaları rədd edir.
E.Muradov “Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə haqqında sosial şəbəkələrdə yayılan “Azadə qardaş” adlı mahnının müəllifidir. Rusiyada işləyən E.Muradov bu ilin fevralında Bakıya gələrkən Binə hava limanında saxlanmışdı. Onun aeroportdan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı, axşam saatlarında sərbəst buraxılması barədə məlumat yayıldı. O zaman da yaxınları E.Muradovun saxlanmasını onun T.Bağırzadə haqqında yazdığı mahnı ilə əlaqələndirirdilər.
İstər E.Muradov, istərsə də S.Babayevin saxlanması, Müsəlman Birliyi Hərəkatının bəyanatına Daxili İşlər Nazirliyi münasibət bildirməyib.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir.