Onun hazırda xəstəxanada olduğu bildirilir
İyulun 26-da günün ikinci yarısında Ceyranbatan qəsəbəsində yolun kənarında qarpız satmağa çalışan Yaşar Cahangirovun özünü yandırdığı deyilir.
O, səbəb kimi yerli polislərin ona qarpız satmağa mane olmasını göstərib.
Yaşar Cahangirov Saatlının Novruzlu kəndində yaşayır.
Meydan TV-yə verilən məlumata görə, polis Y.Cahangirova “yandıra bilməzsən” deyəndən sonra o, intihara əl atıb.
Onun hazırda xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta ağır olduğu söylənilir.
Y.Cahangirovun dayısı Eldar (soyadını öyrənə bilmədik) məlumatı Meydan TV-yə təsdiqləyib.
O deyib ki, hazırda rayondan çıxıblar, Bakıya bacısı oğlunun yanına gedirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov hadisəni Meydan TV-yə təsdiqləyib.
E.Zahidov deyib ki, Y.Cahangirov dünən axşam Bakı-Quba magistral yolunda qarpız satmaqla maşınların təhlükəsiz hərəkətinə maneə yaradıb:
“Ona bir neçə dəfə xəbərdarlıq edilib ki, maşınlar saxlayıb qarpız alanda yolun bir hissəsi bağlanır. Deyilib ki, qarpızı burada yox, bazarda sat, o da polislərin tələbi ilə razılaşmayıb köynəyini yandırıb. Ardınca onu ərazidən uzaqlaşdırıb, maşınını da götürüblər”.