Bakıda polis sürücünü döyüb (VİDEO)


Vaqif Əsədov: “Günah xanım sürücüdə olub”

Sosial şəbəkələrdə “99 FH 475” dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü ilə  “99 YP 497” nömrə nişanlı YPX ekipajının əməkdaşı arasındakı insidenti əks etdirən video görüntü yayılıb. Görüntülərdə polis əməkdaşının xanım sürücüyə zor tətbiq etdiyi görünür.

Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə Moderator.az saytına açıqlamasında baş verən hadisənin günahkarının xanım sürücü olduğunu deyir:

“O süjeti yayan şəxs yol polisinin fəaliyyətinə kölgə salmaq istəyir. Yəqin ki, məqsəd polisini cəmiyyətin gözündən salmaqdır. Xanım sürücünün polis əməkdaşının sifətinə dırnaqları ilə xəsarət yetirməsi yəqin ki, o süjetdə yoxdur. Xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə olması ilə bağlı da yəqin ki, o süjetdə məlumat yoxdur. Səbail Rayon Məhkəməsinin həmin avtomobillə bağlı verdiyi qərarla bağlı da o süjetdə məlumat yoxdur. Dəfələrlə tərtib edilmiş inzibati protokola görə yazılmış cərimə məbləğinin 3 aydan çox ödənilməməsi ilə bağlı da o süjetdə məlumat yoxdur. Mərkəzi Məlumat Xidməti vasitəsi ilə həmin avtomobili idarə edən sürücü dəfələrlə yol hərəkət qaydasını kobud şəkildə pozub, ona kəsilən cərimə məbləğini ödəməkdən imtina edib.

Suallara cavab olaraq bildirirəm ki, dünən “99 YP 497” dövlət nömrə nişanlı patrul avtomobili,  Xətai rayon ərazisində, ona təhkim edilmiş ərazidə xidmət apararkən avtomobilin qabaq sol tərəfinin qəzalı vəziyyətdə olduğunu görərək saxlama işarəsi verib, lakin sürücü avtomobili saxlamadan hərəkətini davam etdirib.

Eyni zamanda, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsinə qədər saxlama işarəsinə əhəmiyyət verməyən sürücünün məcburi saxlanılması üçün patrul avtomobillərindən kömək istənilib. Yolboyu dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü Nəcəfqulu Rəfiyev-Süleyman Vəzirov küçələrinin yanında məcburi saxlanılıb.

Saxlanılandan sonra polis əməkdaşı sənədlərə baxış keçirmək üçün sürücüyə yaxınlaşıb. Bu zaman xanım sürücü polis əməkdaşının sifətinə dırnaqları ilə xəsarət yetirib. Xanım sürücü sərnişin qismində yanında oturan, həyat yoldaşı kimi təqdim edilən şəxsin və ətrafdakı adamların yanında, hadisənin telefon vasitəsi ilə çəkildiyini görsə də, nalayiq söyüşlərlə polis əməkdaşını təhqir edib. Yayılan videosüjetdə yəqin ki, bunlar da öz əksini tapmayıb.

Polisin əlində olan sənədlər deməyə əsas verir ki, sürücü öz xanımlığından istifadə edib, xanımlığa yaraşmayan söyüşlərlə polisi təhqir edib, eyni zamanda dırnaqları ilə qəflətən polisin sifətinə xəsarət yetirib. Hal-hazırda həmin xəsarətlə əlaqədar polis əməkdaşı xəstəxanada müalicə alır. Sürücü xanım və onun yanında əyləşən sərnişin, hansı ki, həyat yoldaşı kimi qələmə verib, həmin vətəndaşlar haqqında toplanan sənədlər 37-ci polis bölməsi vasitəsi ilə Xətai Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı əsasında “99 FH 475” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü və sərnişini 200 manat məbləğində cərimə edilib. Hazırda araşdırma davam etdirilir”.

Hüquq müdafiəçisi Müzəffər Baxışov isə deyir ki, xanım sürücüyə qarşı zor tətbiq edən Dövlət Yol Polisi əməkdaşı 7 il azadlıqdan məhrum edilə bilər. Aznews.az-a açıqlama verən hüquqşünasın sözlərinə görə, qanunda polis əməkdaşına kiməsə zor tətbiq etmək səlahiyyəti verilməyib: “Polis əməkdaşı səlahiyyət hədlərini aşıb. Əgər həmin xanım xətaya yol verib, hər hansı qanun pozuntusu edibsə, polis əməkdaşı qanunun ona icazə verdiyi şəkildə səlahiyyətlərindən istifadə etməli idi. Polis belə hallarda digər tədbirlərdən istifadə etməlidir. Yol Patrul Xidmətinin köməkliyi ilə həmin xanımı polis şöbəsinə aparmalıdır. Yol polisi səlahiyyət həddini aşmaqla zor tətbiq etməklə cinayət törədib. Buna görə də cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmalıdır. İstintaq başlamalı, əməlinə hüquqi qiymət verilməlidir”.

M.Baxışın sözlərinə görə, əgər polis əməkdaşı o xanımı zorla maşından yerə salıb, ona xəsarətlər yetirib, zorakı hərəkətlərlə ona qarşı hər hansı qanunsuz hərəkətlər edibsə, onda bu xəsarətlərin dərəcəsi az ağır xəsarət, ağır xəsarət, polis əməkdaşının əməli cinayətlərin məcburi qaydasında, həm Cinayət Məcəlləsinin 309.2 maddəsi, həm də az ağır xəsarət yetilibsə, Cinayət Məcəlləsinin 309.2, 127.1 maddəsi ilə, ağır xəsarət yetirilibsə 309.2, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş başlanmalıdır:”Əgər yetirilən xəta yüngül xəsarətdirsə, xəsarətin dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirilibsə, belə halda yol polis əməkdaşının əməli Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə təsbit olunmalıdır. Həmin yol polisini 7 ilə kimi azadlıqdan məhrum edilməsi cəzası gözləyir”.

Ana səhifəVideoBakıda polis sürücünü döyüb (VİDEO)