Bakıda partlayışda 3 nəfər yaralandı


Bakıda partlayışda  3 nəfər yaralandı


Fevralın 13-də səhər saat 11 radələridə “Azadlıq prospekti” metrosu  yaxınlığındakı yeni tikilidə baş verən partlayışda 3 nəfərin yaralandığı bildirilir. İlkin olaraq qaz sızmasından baş verdiyi güman edilən hadisə nəticəsində ətrafdaki tikililərə və nəqliyyat vasitələrinə də ziyan dəyib.

Meydan TV-nin hadisə yerinə yollanan əməkdaşının olay şahidlərindən aldığı məlumata görə, qəfl baş verən partlayış xeyli dağıntılara səbəb olub. İlkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.

Ərazidə yaşayan sakinlərinin sözlərinə görə,  partlayış zamanı yaxınlıqda olan 3 binanın pəncərələri sınıb və evlərə də ciddi ziyan dəyib. Bəzi insanlar titrəyişin zəlzələ olduğunu sanıblar.

“Nəvəm evdə divanda yatırdı, zərbənin dalğası onu yerə tullayıb, otaqların pəncərələri sınaraq taybayat açılıb. Evin içində də dağıntı var.

Tədbir görmerlər. Keçən ilin sentyabrı-oktyabr aylarında “azəriqaz”ın işçıləri burda hərənin əlindi bir “şlanq”, balaca aparat, harda sızıntı var. Qaz iyi var idi hər yerdə. Çayxana var, orda çox yeri qazdılar, tapa bilmədilər” – bina sakinlərindən biri olan Rahim Qasımov belə deyir.

Hadisə zamanı ərazidəki avtomobillərə də ziyan dəyib. Yaxınlıqadan keçən 13 saylı avtobusun sürücüsü deyir ki, partlayışın təzyiqi və ətrafa səpələnən daş parçalarının təsirindən onun idarə etdiyi nəqliyyat vasitəsinin də pəncətələri sınıb, bir sərnişinin isə qolu yaralanıb.

Hadisəyə qaz sızmasının səbəb olduğu güman edilir. Lakin partlayış olan ərazidəki binalarda mavi yanacaq yoxdur.

Əraziyə FHN-in işçiləri və çevik polis alayının əməkdaşları cəlb olunub.

Hadisə yerinə bioloji, kimyəvi səyyar laboratoriya da gətirilib. FHN-nin generalı Cahangir Qulamov hadisə yerində olsa da olayla bağlı mediaya məlumat verməkdən imtina edib. Qurumun rəsmi internet səhifəsində isə bildirilir ki, hadisə Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə baş verib. Burada da yaralıların sayının 3 nəfər olduğu göstərilir.


Tural Mustafayev



Meydan TV

Ana səhifəVideoBakıda partlayışda 3 nəfər yaralandı