Bakıda nazirlərin debata çevrilən brifinqi

Nazirlərin brifinqi. Foto: Azərtac

Bayramov Fransanı tənqid etdi, Kolonna Bakını məhkəmə qərarını yerinə yetirməyə çağırdı

Aprelin 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın xarici işlər naziri Katrin Kolonna ilə görüşüb.

Görüşdə Laçın yolundakı vəziyyətə ayrıca toxunulub.

Bu barədə nazirlərin keçirdiyi brifinqdə məlumat verilib.

Ceyhun Bayramov deyib ki, Laçın yolundakı vəziyyət ayrıca müzakirə olunub:

“Bu məsələyə ayrıca baxılmaya bilməz. Fransanın xarici işlər naziri Katrin Kolonna son iki ildə baş verən hadisələr və Ermənistan tərəfdən pozuntular, o cümlədən silahların və hərbçilərin qanunsuz daşınması və təbii ehtiyatların qanunsuz işlənməsi barədə məlumatlandırılıb. Ən əsası Ermənistandan minaların daşınması və Azərbaycan ərazisində yerləşdirilməsidir”.

Bayramovun sözlərinə görə, Yerevan Bakının həm Ermənistan, həm də Azərbaycan tərəfindən nəzarət məntəqələrinin yaradılmasıyla bağlı təklifinə məhəl qoymayıb.

Nazir hesab edir ki, Azərbaycan tərəfindən belə məntəqənin yaradılması blokada və ya Qarabağla Ermənistan arasında əlaqənin dayandırılması demək deyil.

Avropa İttifaqının Ermənistandakı missiyasına toxunan Bayramov deyib ki, rəsmi Yerevanın bu missiyanın məqsədlərilə bağlı bəyanatları sülhün yaxınlaşmasına kömək etmir.

İki ölkə münasibətlərinə toxunan Ceyhun Bayramov qeyd edib ki, Bakı ən gərgin məqamlarda belə Parislə təmaslardan imtina etməyib.

Azərbaycanlı nazir Fransanın xarici işlər naziri Katrin Kolonnanın bu səfərini alqışladığını da dilə gətirib.

Katrin Kolonna isə deyib ki, Bakı və Paris arasında dialoqa zərurət var. O, Bayramovu Parisə səfərə dəvət edib.

Fransalı nazir bildirib ki, ölkəsi I Qarabağ müharibəsi zamanı Azərbaycanın itkilərindən və əzablarından, qaçqınlardan və insanların məhrumiyyətindən xəbərdardır.

“Münaqişədə, ilk növbədə, hər iki tərəfdən sadə adamlar əziyyət çəkirlər. Bizim çağırışlarımız ondan ibarətdir ki, bütün bunlar artıq olmasın və uzunmüddətli sülh bağlansın”, – deyə o vurğulayıb.

Katrin Kolonna hesab edir ki, Ermənistan və Azərbaycanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması vacibdir.

Onun fikrincə, bu, sülh müqaviləsinin əsasını təşkil etməlidir.

Kolonna Bakını dəhlizlə bağlı ABŞ və Fransanın mövqeyini nəzərə almağa çağırıb:

Güc tətbiqindən və hərbi ritorikadan çəkinmək lazımdır. Biz Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılmasını birmənalı şəkildə pisləyirik və hesab edirik ki, Bakı Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməlidir”.

“Niyə 30 il ərzində Paris Azərbaycan torpaqlarının işğal edilməsini pisləməyib, Ermənistanı təcavüzkar adlandırmayıb?” sualına Katrin Kolonnanın cavabı belə olub:

“Fransa hər zaman məsləhət verməyə çalışıb, sülhü yaxınlaşdırmaq üçün kimisə pisləməyə yox”.

C.Bayramov isə deyib ki, Paris Minsk Qrupunun vasitəçisi kimi uzun illər Bakının erməni təcavüzünü pisləmək çağırışlarına məhəl qoymayıb:

II Qarabağ müharibəsindən sonra Fransa neytrallıq nümayiş etdirmir. Beynəlxalq Məhkəmənin qərarlarını yerinə yetirməyə çağıran Fransa Ermənistandan 2020-ci il noyabr tarixli üçtərəfli sazişin müddəalarını yerinə yetirməyi və 10 min hərbçini Qarabağdan çıxarmağı tələb etmir”.

Amma Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramova etiraz edib.

O, Laçın yolu ilə bağlı Beynəlxalq Məhkəmənin qərarlarının yerinə yetirilməsinin vacibliyini təkrarlayıb: “Bu jest qarşılıqlı etimadın formalaşmasını sürətləndirər”.

Katrin Kolonna Bakı səfərindən sonra Gürcüstana və Ermənistana gedəcək.

Laçın dəhlizində nə baş verib?

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.

Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:

“Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətBakıda nazirlərin debata çevrilən brifinqi