Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
Azərbaycanla Ermənistan arasındakı mübaribə başa çatandan təxminən bir ay sonra – dekabrın 13-də Hadrut meşələrində saxlanıldığı deyilən Ermənistan vətəndaşlarının Bakıda mühakiməsi keçirilir. Onlar bir neçə qrupda mühakimə olunurlar.
İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində 14 nəfərdən ibarət qrupun işi üzrə keçirilən məhkəmə iclasında təqsirləndirilən Ermənistan vətəndaşları ifadə veriblər. Onlar bildiriblər ki, Hadrut meşələrinə özbaşına getməmişdilər, noyabrın 27-də onları komandirləri göndərmişdi.
Gevorq Asetryan ifadəsində deyib ki, onları göndərmək üçün noyabrın 27-də Gümrüdəki hərbi komissarlığa toplayıblar. Oradan Laçına göndəriblər: “Laçında səhərin açılmasını gözlədik. Səhər qarşımızda rus sülhməramlıları vardı. Onlar bizi yoxlamadılar, yola saldılar. “Ural”larla təxminən 40 dəqiqə gedəndən sonra dağın ətəyində düşüb, piyada dağa qalxdıq. Bizə demişdilər ki, oradakı erməni əsgərlərlə növbəni dəyişəcəyik. Orada komandirimiz polkovnik Arsen Kazaryan idi. O, bizi dağın başında yerləşdirib getdi, dedi ki, lazım olanda gələcək. Biz orada müşahidə aparırdıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 13-də dağdan düşmək barədə tapşırıq gəlib. Düşünüblər ki, evlərinə qayıdırlar. Dağdan aşağı düşəndə isə onları Azərbaycan hərbçiləri saxlayıb: “Biz müqavimət göstərmədən təslim olduq. Silahlarımızı da onlara təhvil verdik”.
Gevorq Asetryan dindirmə zamanı deyib ki, komandirlərin əmrlərini yerinə yetirib. Ona hara getməyi tapşırıblarsa, ora da gedib: “Əgər əmri yerinə yetirməsəydim, həbs olunacaqdım. Hərbi Komissarlıqda bizə demişdilər ki, sərhədlərimizi qoruyacağıq”.
Asetryanın məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən hakim onun istintaqdakı ifadəsini də elan edib. Orada göstərilib ki, onlar Azərbaycan hərbçilərilə qarşılaşacaqları halda, onlara silahlı müqavimət göstərmək haqda tapşırıq almışdılar.
Təqsirləndirilən Volodya Hakobyanın məhkəmədəki ifadəsi də onun dediklərinə bənzər olub. Onun sözlərinə görə, hərbi komissarlıqdan Hadruta göndəriləndə ərazidəki erməni əsgərlərdən növbəni təhvil alacaqları bildirilib. Onlara avtomat silah, patron daraqları verilib: “Rus sülhməramlılarının yanına çatanda komandirimiz Kazaryan onlarla danışdı. Onlar bizi yoxlamadılar. Yola verdilər. Təxminən 40-50 dəqiqə yol gedib dağın ətəyində düşdük. Kazaryan bizi dağın başına çıxardı. Dedi ki, burada müşahidə aparacağıq. Orada çadırlarda qalırdıq. Ərzaq da verirdilər. Şərait ağır, hava soyuq idi…”
Hakobyan da bildirib ki, dekabrın 13-də dağdan aşağı düşəndə Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar: “60 nəfərə yaxın idik, müqavimət göstərmədən onlara təslim olduq. Azərbaycanlılar bizə demişdi ki, silahları təhvil verəndən sonra sizi ruslara verəcəyik”.
Təqsirləndirilən Mkrtıç Minosyan ifadəsində deyib ki, Gümrü şəhərində yaşayıb. Onu noyabrın sonunda hərbi komissarlığa çağırıblar. Orada da silah-sursat verib, digərləri ilə birlikdə Hadruta göndəriblər. Minosyan da təsdiqləyib ki, rus hərbçilər onları yoxlamadan buraxıb: “Rus əsgərlərin yanından keçdik, bizi yoxlamadan yolu açdılar”.
Minosyan deyir ki, olduqları ərazinin Azərbaycan torpaqları olduğunu bilirdi. Amma hərbi qulluqçu olduğu üçün yuxarı komandanlıqdan gələn əmrləri sorğulamağa ixtiyarı yox idi, yerinə yetirməyə borcluydu.
Minosyan istintaqdakı ifadəsində isə göstərib ki, olduqları yerə Azərbaycan hərbçiləri gəlsəydi, onlara silahlı müqavimət göstərəcəkdilər.
Təqsirləndirilən Edqar Matesyan bildirib ki, Kazaryan qaçmağa meylli olan erməni hərbçilərini 8 ildən 12 ilə qədər həbslə hədələyib: “Biz orada qalmağa məcbur olduq. Dedikləri vaxt gəlsə də, bizi aparmağa gəlmədilər. Daha sonra aşağı düşəndə Azərbaycanın xüsusi təyinatlıları ilə qarşılaşdıq. Düzünü deyim ki, bizə qarşı anlayışlı davrandılar, siqaret, su verdilər. Silahlarımızı onlara təhvil verib, təslim olduq. Mən uzun danışmayacam, bizə tapşırılmışdı ki, Azərbaycan tərəfindən kimsə onlara yaxınlaşsa, məlumat verək…”
Təqsirləndirilən Albert Kamoyeviç ifadəsində deyib ki, onları saxlayan azərbaycanlı hərbçilər rus sülhməramlılarına təhvil veriləcəklərini deyiblər. Onun sözlərinə görə, həmin vaxt onları saxlayan azərbaycanlıların sayı 300-400 nəfər olardı.
Digər təqsirləndirilən şəxslər də oxşar ifadələr veriblər. Amma təqsirləndirilənlərin istintaqdakı ifadələri məhkəmədə dediklərindən kəskin fərqlənib. Ona görə hakim Əfqan Hacıyev istintaqdakı ifadələri də məhkəmədə elan edib.
Hakim məlumat verib ki, bu işdə iki nəfər şahid var. Onlar da iyulun 2-də keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcəklər.
Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279-cu (qanunsuz silahlı birləşmələr yaratma, onların tərkibində təkibində döyüşmə), 318 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittihamlar irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxslər qanunsuz silahlı dəstələr şəklində, 26-27 noyabr tarixlərində Azərbaycan ərazisinə qanunsuz keçiblər. Onlar Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən meşəlik ərazilərdə yerləşiblər. Dekabrın 13-nə qədər həmin ərazilərdə müxtəlif adamlara silahlı basqınlar ediblər, partlayışlar törədiblər və s.
Bu əməllər məhkəmədə sübuta yetirilsə, onlar 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum edilə bilər.
İttihama münasibət bildirən ermənilər özlərini təqsirli bilmədiklərini deyiblər.