Bakıda məhkəmə qarşısına çıxarılan 3 Ermənistan vətəndaşının adı hökmdə yoxdur

“Həmin vaxt isə onların məhkəməsi davam edirdi, barələrində hökm çıxarılmamışdı”.

Source: Specify Source


Onların hökm çıxmamış öz ölkəsinə göndərildiyi bildirilir

Ötən ilin dekabrında Xocavənd rayonu ərazisindəki Hadrut meşələrində saxlanıldığı deyilən Ermənistan vətəndaşları Bakıda dörd qrupa bölünərək məhkəmə qarşısına çıxarılmışdı. Qruplardan birində 14, digərlərində isə 13 nəfər təqsirləndirilən şəxs vardı. Sonuncu qrupun məhkəməsi iyulun 29-da yekunlaşdı. Bu qrupun məhkəməsi başlayanda hakim qarşısına 13 nəfər çıxarılsa da, yekunda 10 nəfərə hökm oxunub. Meydan TV-nin əldə etdiyi məlumata görə, üç nəfərin işi üzrə icraat ayrılıb. Bunlar Yegis Astanyan, Qriqor Gevorkyan və Andranik Manukyandır.

14 nəfərlik birinci qrupa iyulun 2-də hökm oxundu. Oradakı təqsirləndirilən şəxslərdən 12 nəfərə 6 ay, qalan ikisinə isə 4 il azadlıqdan məhrumetmə cəzası verildi. Ondan sonrakı üç qrupun hamısında istisnasız olaraq, cəza müddəti 6 il müəyyənləşdirildi. Bütün hökmlərdə də qeyd olunub ki, təqsirləndirilən şəxslər cəza müddətləri başa çatandan sonra Azərbaycandan deportasiya olunsunlar.

“İyulun əvvəlində Azərbaycandakı bir xeyli Ermənistan vətəndaşı ölkəsinə qayıtdı. Onların arasında 6 aylıq cəza müddəti başa çatanlarla yanaşı, sonuncu hökm oxunan qrupdakı üç nəfər də vardı. Həmin vaxt isə onların məhkəməsi davam edirdi, barələrində hökm çıxarılmamışdı. Ona görə də onların işi üzrə icraat ayrıldı. Həmin ərəfədə Ermənistan Ağdamda basdırılan minaların xəritəsini Azərbaycana təqdim etdi”, – adının açıqlanmasını istəməyən mənbə Meydan TV-yə bildirib.

Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hadrut meşələrində saxlanılan Ermənistan vətəndaşlarıyla bağlı cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər müharibə başa çatandan sonra silahlanaraq, gizli şəkildə həmin ərazilərdə yerləşib, orada Azərbaycana qarşı terror-təxribatlar törətməklə məşğul olublar. Onlar dekabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdiriliblər.

Təqsirləndirilən şəxslər isə ifadələrində bildiriblər ki, onlar Hadrut meşələrinə özbaşına gəlməyiblər. Onları noyabrın 26-27-də Gümrüdə hərbi komissarlıqdan göndəriblər. Yolda rus sülhməramlılar da onları görüblər. Hətta ruslar onları müşayiət edən polkovniklə söhbətləşiblər. Onları yoxlamadan buraxıblar: “Bizə göndərəndə demişdilər ki, orada növbə çəkəcəyik. Dekabrın 13-də əmr gəldi ki, növbə dəyişir. Biz də dağdan aşağı düşəndə Azərbaycan hərbçiləri bizi saxladı”.

Ana səhifəSiyasətBakıda məhkəmə qarşısına çıxarılan 3 Ermənistan vətəndaşının adı hökmdə yoxdur