Bakıda LGBTQ fərdlərinin saxlanıldığı bildirilir (yenilənib)

Həmin oğlan pəncərədən qaçmaqla canını qurtara bilib

Source: Meydan.TV

***


Aprelin 1-dən 37-ci polis bölməsində saxlanılan LGBTQ fərdləri aprelin 2-də günortadan sonra Xətai Rayon Məhkəməsinə aparılıblar. Fərdlərdən birinin Meydan TV-yə verdiyi məlumata görə, saxlanılan hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirli biliniblər. Onlardan biri 50 manat cərimə edilib, digəri isə 10 sutka həbs cəzası alıb. LGBTQ fərdi qərardan apelyasiya şikayəti verəcəyini deyir.


***

'

'Müştəri adıyla çağırıb həbs edirlər''

Bakıda LGBTQ (Lezbian-Gey-Biseksual-Transgender-Queer) icma üzvlərinə qarşı təzyiqlərin başladığı bildirilir. Bu barədə onların hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər öz “Facebook” hesablarında paylaşımlar edirlər.

Məlumatda bildirilir ki, aprelin 1-də gecə saatlarında Bakıda 10 nəfərədək LGBTQ fərdini polis saxlayıb. Saxlanma səbəbi kimi tibbi müayinədən keçirilmə göstərilir. Onlardan ikisinin Xətai Rayonu Polis İdarəsinin 37-ci polis bölməsində saxlanıldığı deyilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, seks işçisi kimi fəaliyyət göstərən LGBTQ fərdi Xətai rayonu ərazısındəki "Gallery Otel"ə müştəri adı ilə çağırılıb. Orada isə aldadılaraq həbs edilib. Həmin vaxt taksidə gözləyən rəfiqəsi hadisə yerinə yaxınlaşıb və o da saxlanılıb.

Hər iki LGBTQ fərdi öncə 37-ci polis bölməsinə aparılıb, sonra onlardan analiz götürüləcəyi deyilib. Bu adla bölmədən çıxarılsalar da, Xətai Rayon Polis İdarəsinə aparılıblar. Orada barmaq izi götürülüb və təkrar bölməyə gətiriliblər.

Rəfiqəsini xilas etmək üçün hadisə yerinə gələn və özü də saxlanılan gey qan təzyiqi və ürək xəstəliyindən əziyyət çəkir. Yaxınlarının sözünə görə, hazırda onun vəziyyəti yaxşı deyil. Hər iki LGBTQ fərdi səhərə qədər ac-susuz otaqda saxlanılıb, stulda gecələyib.

15487775511776820068_1000x669.jpg
37-ci polis bölməsi

“Müayinə edib, buraxacaqlarını desələr də, hələlik, onlara heç bir məlumat verən yoxdur. Onlar nə qəbahət etdiklərini bilmirlər, odur ki, dövlətdən vəkil tələb edirlər. Saxlanılanların hər ikisi Dəri-Zöhrəvi Dispanserdə qeydiyyatdadır,” – deyə, saxlanılan şəxsin yaxınları bildirib.

Yaxınları bu barədə Ombudsman Aparatına məlumat verdiklərini deyirlər.

Başqa bir mənbədən isə Meydan TV-yə bildirilib ki, polis dünən gecə saatlarında Binəqədi rayonu ərazisində də xeyli LGBTQ icma üzvünü saxlayıb. Hətta bir gey oğlanın evinə hücum olub. Həmin oğlan pəncərədən qaçmaqla canını qurtara bilib:

"Saxlananlardan çoxu dəri zöhrəvi xəstəxanasına aparılıblar. Onlardan analiz götürəcəklər. Bir xanım LGBTQ icma üzvünün isə harada olduğu bilinmir".

Meydan TV məsələyə münasibət öyrənmək üçün Respublika Dərdi Zöhrəvi Dispanseri ilə əlaqə saxlayıb. Dispanserdən bu barədə məlumatsız olduqlarını deyiblər:

"Bəli, olur ki, bəzən kimlərisə analiz üçün gətirirlər. Amma dünəndən bu günə belə bir kütləvi hal qeydə alınmayıb. Olubsa da, mənim məlumatım yoxdur. Əslində heç məlumat vermək ixtiyarımız da yoxdur. Sadəcə həqiqətən dediyiniz məsələdən xəbərsizəm. Axşam növbəsində olanlar da gediblər, yoxdular ki, dəqiq nəsə öyrənim".

Azərbaycanda LGBTQ problemlərini işıqlandıran "Minority" online jurnalı yazır ki, saxlanılanlardan bəziləri yaşadıqları evlərindən tutularaq polis bölməsinə aparılıblar. Hazırda isə onlar Binəqədi Polis İdarəsindən Dəri-Zöhrəvi Dispanserinə göndəriliblər. https://minorityaze.org/198-tecili-xeber-bakida-polisin-lgbtq-ovu

"Minority" -yə daxil olan məlumata görə, daha 7 nəfər 40-cı polis bölməsi tərəfindən saxlanılıb. Saxlanılanlardan bəzilərinə müştəri adıyla zəng edilərək evlərə və hotellərə dəvət olunub, daha sonra qandallanaraq polis bölmələrinə aparılıblar. Bildirilir ki, onlardan ən azı bir neçəsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (xırda xuliqanlıq) əsasən cərimələnib. Həmçinin 30 sutka həbs cəzası alan şəxslərin olduğu qeyd edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 37-ci polis bölməsindən isə açıqlama verməyiblər.


2017-ci ilin sentyabrında

da oxşar hadisələr baş vermişdi. Onlarla icma üzvü həbs olunmuş və cərimələnmişdi.

Ana səhifəXəbərlərBakıda LGBTQ fərdlərinin saxlanıldığı bildirilir (yenilənib)