Prezident bəzi tədbirlər haqda sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı bəzi tədbirlər haqda sərəncam
imzalayıb
.
Sərəncamda deyilir ki, bu il futbol üzrə Avropa çempionatının 4 oyununun ─ üç qrup və bir 1/4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyulun 5-dək ölkənin dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər. Oyunların təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə iş icazəsinin alınması tələb olunmur.
Sərəncamda deyilir:
– Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
2.1. oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
2.2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
2.3. Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
3.1. oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
3.2. oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuş həyata keçirən aviasiya şirkətlərinə oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.