Bakıda kafedə partlayış olub (YENİLƏNİR)

İki nəfər ölüb

Source:



Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxslərin vəziyyəti olduqca ağırdır.

Bu barədə “Report”a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

O bildirib ki, 44 yaşlı Natiq İbrahimov və 53 yaşlı Şəkər İbrahimova bütün bədən sətlərinin yanığı diaqnozu ilə şöbəyə gətirilib: “Onlar III və IV dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar hazırda reanimasiyadadırlar. Xəstələrin yaraları infuziya edilərək sarğı olunub, sistem qoşulub və bütün qabaqlayıcı tədbirlər görülüb. Lakin buna baxmayaraq, hər iki yaralının vəziyyəti çox ağırdır. Bədən səthlərinin, demək olar ki, 100 faiz hissəsi və tənəffüs yolları yanıb”.


***


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.

FHN-dən verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***


İki nəfər ölüb

Mayın 21-də Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində partlayış olub.

“Report”un məlumatına görə, hadisə “Elite” Ticarət Mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə baş verib.

Partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Məlumata görə, ölən şəxslərin meyitləri tanınmaz haldadır. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın məlumatına görə, təcili yardım maşını bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri almış iki nəfəri Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparıb.

Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.

Ana səhifəXəbərlərBakıda kafedə partlayış olub (YENİLƏNİR)