”Marat tez-tez mənə narkotik maddəni istifadə etməyə təklif edib”
Aprelin 26-da Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Meydan TV-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Ueldanov ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə sərbəst ifadə verib.
İclasda şahid qismində dindirilən Nicat Həsənov qeyd edib ki, Marat Ueldanovla birgə oteldə işləyib: “Marat tez-tez mənə narkotik maddəni istifadə etməyə təklif edib. Mən də ona dedim ki, bizim ölkədə bunun istifadəsi qadağandır”.
Məhkəmə prosesi aprelin 28-də davam edəcək.
Rəsmi məlumatlara görə, Marat Ueldanov (Qalustyan) keçən ilin yayında saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb.
Marat Ueldanovun bacısı Mariana Mirzoyanın “Rusarminfo”ya verdiyi açıqlamaya görə, o, 2016-cı il iyunun 9-dan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında
saxlanılır
.
Avstriyanın “Do&co” şirkətinin əməkdaşı olan Ueldanov Bakıda keçirilən “Formula 1” yarışları zamanı qida təşkili məsələləri ilə məşğul olub.
Bacısı bildirib ki, Marat 1982-ci ildə Bakıda anadan olub: “Pasportuna erməni soyadı yox, həyat yoldaşının soyadı yazılıb. O, 2015-ci ilin martında Birinci Avropa Oyunlarında çalışıb. 2016-cı il iyunun 6-da çalışdığı “Do&co” şirkəti vasitəsilə Bakıya göndərilib. Bakıya gələndən sonra onunla əlaqə qurmaq mümükün olmayıb”.
Sonradan məlum olub ki, iyunun 9-da Marat və iş yoldaşı Yelena Makarenko həbs olunub. 15 gündən sonra Yelenanı saxlanma təcridxanasından azad ediblər və o, Moskvaya qayıdıb.
Bacısı bildirib ki, kimsə onun erməni olması barədə məlumat verib.