Bakıda hakim ailəyə aid sayca səkkizinci iri ticarət mərkəzi açılıb

Fotolar: president.az

Mərkəzdə 2400-ə yaxın işçinin fəaliyyət göstərəcəyi bildirilir

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

“president.az” xəbər verir ki, “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov İlham Əliyevə və Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə məlumat verib.

Bildirilir ki, 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ticarət mərkəzində ilk dəfə fəaliyyət göstərəcək musiqili fəvvarə yer alıb.

Ticarət mərkəzində 107 geyim, qastronom, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var.

Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.

Bundan başqa, “Crescent Mall”da SPA, gözəllik və fitnes mərkəzləri də mövcuddur.

“Crescent Mall” ticarət mərkəzi “Pasha Malls Group” şirkətinə aiddir və ölkədə sayca 8-ci iri həcmli tirarət mərkəzidir.

“Pasha Holding”ə aid olan ticarət mərkəzləri bunlardır: “Port Baku”, “Deniz Mall”, “28 Mall”, “Ganjlik Mall”, Amburan Mall”, Shuvelan Park”, Ganja Mall” və ən sonuncusu Crescent Mall”.

Araşdırmaçı jurnalistlərin tədqiqatına görə, “Paşa Holdinq”i əvvəllər Arif Paşayev idarə edib.

Arif Paşayev I Vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanın atasıdır.

Ancaq 2013-cü ildə Arif Paşayev şirkətin idarəsini öz nəvələrinə – ölkənin birinci ailəsinin qızlarına – Arzu və Leyla Əliyevalara dövr edib.

Ana səhifəSiyasətBakıda hakim ailəyə aid sayca səkkizinci iri ticarət mərkəzi açılıb