Bakıda həbsdə olan separatçılar ev dustaqlığına buraxılmaq üçün vəsatət qaldırıblar

Foto: Azərtac

Cinayət işi üzrə 530 min nəfərdən çox zərərçəkmişin olduğu deyilir

Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 21-də davam edib.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev, hakimlər Camal Ramazanov və Anar Rzayevdən (ehtiyat hakim Günel Səmədova) ibarət tərkibdə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin bir çoxunun vəkilləri vəsatətlər qaldırıblar. 

Onlar vəsatətlərində müvəkkillərinin hökm çıxarılana qədər ev dustaqlığına buraxılmasını xahiş ediblər.

Bu cinayət işi üzrə 530 min nəfərdən çox zərərçəkmiş var. 

Onlardan təxminən 300 nəfəri və onları təmsil edən nümayəndələr məhkəmədə təmsil olunub. 

Zərərçəkmiş tərəf vəsatətə münasibət bildirərkən təqsirləndirilən şəxslərin həbsdən buraxılmasına etiraz edib. 

Xatırladıblar ki, həbsdən buraxılsalar, onların məhkəmədən yayınmaq, qaçıb gizlənmək ehtimalı var.

Bu işdə fiziki şəxslərlə yanaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edir. 

O da təqsirləndirilən şəxslər haqqında həbs qətimkan tədbirinin dəyişməsinə etiraz edib.

Bu məhkəmə prosesində dövlət ittihamını 6 prokuror, o cümlədən Baş prokuror Kamran Əliyevin iki köməkçisi müdafiə edir. 

Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov çıxışında bildirib ki, təqsirləndirilən şəxslər dövlət və şəxsiyyət əleyhinə yönələn, xüsusilə ağır cinayətlərdə ittiham olunurlar. Onların həbsinə əsas olan hallar aradan qalxmayıb.

Yanvarın 27-də hakimlər hazırlıq iclasının qərarını elan edəndə bu vəsatətlə bağlı nəticəni də açıqlayacaq.

Vladimir Putinin məsləhətçisi olmuş milyonçu, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib, noyabrdan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” postunu tutan və 2023-cü ilin sentyabrında saxlanılaraq, Bakıya gətirilən Ruben Vardanyanın məhkəməsi isə ayrı keçirilir. 

Ona da eyni hakimlər kollegiyası baxır, lakin o, tək mühakimə olunur.

İstintaq vaxtı da onun işi üzrə araşdırmaları DTX-nın İstintaq İdarəsi, digərlərinin istintaqını isə Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.

Adları çəkilən separatçılar 2023-cü ilin sentyabrında Qarabağda əməliyyat zamanı saxlanılaraq Bakıya gətirilib. 

Onlar terrorçuluq, soyqırım, qəsdən adam öldürmə, təcavüzkar müharibə başlama, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və başqa çoxsaylı maddələrlə ittiham olunur. 

Bu maddələrin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var.

Ana səhifəXəbərlərBakıda həbsdə olan separatçılar ev dustaqlığına buraxılmaq üçün vəsatət qaldırıblar