“Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb
Avqustun 3-də axşam saatlarında Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
İlkin məlumata görə, “Mercedes Gelandewagen” markalı avtomobil başqa bir maşınla ötüşərkən paytaxtın Heydər Əliyev prospektində bir piyadanı vurub. Sonra idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb.
APA-nin məlumatına görə, daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev də daxil olmaqla, iki nəfər ölüb.
Qəza zamanı vurulduğu deyilən piyadanın vəziyyəti haqqında məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.