Bakıda fransalı iş adamının məhkəməsi başlayıb

Martin Ryan, foto: Aziz Karimov

Martin Ryan casusluqda ittiham olunur

Ötən ilin dekabrından Bakıda həbsdə olan fransalı iş adamı Martin Ryanın məhkəməsi başlayıb.

O, azərbaycanlı hüquqşünas Azad Məmmədli ilə birlikdə mühakimə olunur.

Hər ikisinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə baxılır.

Martin Ryan Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə ittiham olunur.

Bakıda fəaliyyət göstərən və qida məhsulları və xammal idxalı üzrə  ixtisaslaşan “Mercorama” şirkətinin baş direktoru, 1988-ci il təvəllüdlü Martin Ryan Fransanın Monpelye Universitetində “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə təhsil alıb.

Sonradan iş adamı kimi, şərabçılıq ticarətilə məşğul olub.

Azad Məmmədli isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

İxtisasca hüquqşünas olan 1995-ci il təvəllüdlü Azad Məmmədli ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsində alıb.

Daha sonra Fransada magistr təhsili alıb. Orada təhsilini başa vurandan sonra bir neçə il Bakıda Beynəlxalq Bankda hüquqşünas işləyib, bir müddət Böyük Britaniyada yaşayıb.

Adları çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət işinin istintaqı da bu qurumun İstintaq İdarəsində aparılıb. Özləri də DTX-nın təcridxanasında saxlanılır.

Yanvarın 6-da keçirilən məhkəmə prosesində xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edib.

Budəfəki məhkəmə prosesində prokuror Ziya Mansurov ittiham aktını elan edib.

İttihama əsasən, Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin işçiləri tərəfindən Martin Ryan əməkdaşlığa cəlb edilib. Ona Azərbaycanda istehsal edilən silahlar, buradan başqa ölkələrə gizli pul köçürmə yolları, Türkiyə, Pakistan, Somali, Çin, İran, Böyük Britaniya, Əlcəzair və s. dövlətlərlə münasibətlər haqda məlumatların toplanması, fransızdilli azərbaycanlıların, orduda xidmət edən, yaxud ehtiyata buraxılan hərbçilərin əməkdaşlığa cəlb edilməsi kimi tapşırıqlar verilib.

İddia olunur ki, Martin Ryan da Azad Məmmədlini taparaq, əməkdaşlığa cəlb edib. Onu bəzən özünün kirayə yaşadığı evdə, bəzən də restoranda Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Bunun müqabilində Azad Məmmədliyə Avropa ölkəsinin vətəndaşlığı vədi verilib.

Prokuror Ziya Mansurov bu ittihamı elan edəndən sonra Azad Məmmədli bildirib ki, orada yazılanlarla razı deyil.

O, özünü təqsirli bilmədiyini deyib.

Martin Ryan bildirib ki, özünü qismən təqsirli bilir. O əlavə edib ki, casusluq məqsədi olmayıb: “Bununla bağlı sübutlarım var və məhkəmənin gedişində təqdim edəcəyəm”.

Məhkəmə prosesi fevralın 19-da davam edəcək.

Martin Ryanın ittiham olunduğu Cinayət Məcəlləsinin 276-cı maddəsinin sanksiyasında 10 ildən 15 ilə qədər, Azad Məmmədlinin ittiham olunduğu 274-cü maddəsində isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var.

M.Ryan 2023-cü il dekabrın 4-də həbs olunub.

Bundan az sonra – dekabrın 26-da rəsmi Bakı Fransa səfirliyinin iki əməkdaşını “diplomatik statuslarına uyğun olmayan hərəkətlər etməkdə” ittiham edərək ölkədən çıxarıb.

İki gün sonra Fransa Xarici İşlər Nazirliyi də Azərbaycana eyni cür cavab verib. Azərbaycanın Parisdəki səfirliyinin iki diplomatı “persona non grata” elan edilərək Bakıya qaytarılıb.

Ana səhifəSiyasətBakıda fransalı iş adamının məhkəməsi başlayıb