Bakıda feministlər aksiya keçirdi

Yürüş zamanı saxlanılanlar sonradan buraxılıb

Source: Meydan Tv


Yürüş zamanı saxlanılanlar sonradan buraxılıb

Martın 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Meydanında “8 MARŞ – Haqlarımız Uğrunda” yürüşü keçirməyi planlayırdı.

Ancaq yürüş başlamazdan öncə feministlərin əksəriyyəti polis tərəfindən saxlanılıb. Çox az sayda iştirakçı Fəvvarələr Meydanına gəlib və şüarlarını səsləndirə biliblər.

Yürüşün əsas şüarları “Eşit, gəlirik”, “Qadın kimi yarat”, “Qadın qətilləri siyasidir”, Qorxdular azad qadın deməyə, dönüb əxlaqsız dedilər” olub.

Yürüş zamanı saxlanılanlar arasında Sevgi İsmayılbəyli, Nərgiz Absalamova, Aytac Ağazadə, Vəfa Nağı, Zəhra Kələndərov, Aytac Tapdıq, Gülnarə Mehdiyeva, Jalə Bayramova, Əminə Məmmədova, Rəbiyyə Məmmədova, Samir Bayramov, Ayla Əhədova, Səadət Abdullazadə, Aygün Aslanlı, Səbinə Rəhimova, Aysel Umudova, Cəmilə Quliyeva və başqaları olub.

Saxlanandan qısa zaman sonra onlar sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin yürüşlə bağlı yaydığı məlumatda isə bildirilir ki, aksiya zamanı saxlanılan olmayıb:

“Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib”.

Aksiyadan əvvəl təşkilatçılar bəyanat yaymışdılar. Bəyanatda bildirilir ki, ötən 8 mart aksiyasından bu günə qədər ölkədə qadın haqları sahəsində vəziyyətin nə yerdə olduğunu müşahidə ediblər. Pandemiya dönəmində zorakı şəxslərlə birlikdə evlərə həbs olunan qadınlar üçün heç bir dövlət proqramı həyata keçirilməyib:

“Pandemiyanın ardınca müharibə və sosial-iqtisadi problemlərin qadınların həyatına necə təsir etdiyi məsələsinin diqqətdən kənarda qaldığını gördük. Çoxsaylı qadın intiharları və qadın qətlləri xəbərlərindən dəhşətə gəldik”.

Yürüş təşkilatçılarının əsas tələbi İstanbul Konvensiyasının qəbul edilməsidir.

Ana səhifəXəbərlərBakıda feministlər aksiya keçirdi