Həbs olunan Ermənistan vətəndaşları azərbaycanlılara işgəncə verməkdə təqsirli bilinirlər
İyunun 2-də Bakıda Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın mühakiməsi başlayıb. Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürülmüş azərbaycanlıya işgəncə verməkdə ittiham olunur. Bundan başqa, cinayət işinin materiallarında göstərilib ki, 13 sentyabr 1999-cu ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində girov götürülüb, Yerevana aparılmış mülki şəxs oradakı hərbi hissələrin birində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilərkən Mkrtiçyan tərcüməçi kimi iştirak edib və bu zaman həmin azərbaycanlıya işgəncə verib.
İş materiallarında Lüdvik Mkrtiçyanın ümumilikdə 11 nəfər azərbaycanlı əsiri işgəncə və odlu silahla öldürdüyü iddia olunur. O, 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.
1967-ci il təvəllüdlü Alyoşa Xosrovyana qarşı ittihamlara gəlincə, o da 5 nəfər azərbaycanlıya əsirlikdə işgəncə verməkdə təqsirləndirilir. İttihamda yazılıb ki, Alyoşa Xosrovyan əsir düşmüş azərbaycanlını Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz saxlanılan zaman, qondarma Dağlıq Qarabağın Müdafiə naziri Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlər görməyə məcbur edib, onu döyüb.
Alyoşa Xosrovyan həmçinin 1993-1994-cü illərdə əsir düşmüş azərbaycanlı əsgərlərə qarşı Şuşa həbsxanasında xüsusi qəddarlq nümayiş etdirməkd, onları mütəmadi döyməkdə, ac-susuz saxlamaqda, fiziki və psixi iztirablar verməkdə də ittiham olunur. Alyoşa Xosrovyan 3 oktyabr 2020-ci ildə saxlanılıb.