Yuan Tiangang barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib
Bakıda Çin vətəndaşları arasında mübahisə ölümlə nəticələnib. Hadisə Nizami rayonu, Keşlə qəsəbəsindəki yataqxanada baş verib. Nizami Rayon Prokurorluğunun hadisə barədə yaydığı məlumata görə, 48 yaşlı Pan Yuan Liang və 40 yaşlı Yuan Tiangang iyulun 14-də yataqxanada mübahisə ediblər. Mübahisə zamanı Yuan Tiangangın qarşı tərəfə dəmir parçasıyla xəsarət yetirdiyi bildirilir. Yaralı dörd gün xəstəxanada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, iyulun 18-də xəstəxanada ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Yuan Tiangang barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.