Kəndlilər məhsullarını sata, xarici bazara çıxara bilmirlər
Bazarlarda, marketlərdə tez-tez bu sualı eşidirik: “Alma yerlidir, yoxsa xarici?”. Xüsusən də marketlərdəki hər beş növ almanın üçü xarici olur. Qiyməti də kifayət qədər baha. Halbuki Bakıdan cəmi 170 kilometr kənarda yerləşən Quba alması dura-dura “xaricdən ölkəyə alma gətirməyə heç ehtiyac da yoxdur”, – deyir iqtisadçı ekspertlər. Bakıda qıt olan Quba almasının vətənində isə demək olar ki, alıcı yoxdur.
“Yığdığımız məhsulu sata bilmirik, qalır əlimizdə”
Zərdabi Qubanın ən çox alma becərilən qəsəbəsidir. Qəsəbə sakini Müşviq Həsənov deyir ki, məhsul bu il ötən illərə baxanda çox olub: “Bu sevindiricidir. Ancaq topladığımız məhsulu sata bilməmək üzücüdür. Quba alması əvvəlki kimi deyil. Əvvəl Qusar uşaqları bizdən yaxşı qiymətə alıb aparırdılar Rusiyaya. Həm onlar dolanırdı, həm də biz. İndi gömrük xərclərinə görə Rusiya bazarı sərfəli deyil. Biz də məhsul əlimizdə qalmasın deyə kim gəldi dəyər-dəyməzinə satırıq gedir”.
Müşviq Həsənov deyir ki, Bakıda yerli almanın kilosunu 1-1,5 manata görəndə az qala şok keçirib: “Bakıya bacımgilə getmişdim. Siqaret almaq üçün marketə girdim. Maraq üçün baxdım ki, bizdən alınan almaların kilosu orda 1 – 1,5 manatadır. Onda bildim ki, bizim əməyimizin dəyəri yoxdur. Bizdən az qala bir yeşik almanı o qiymətə götürürlər”.
“Yevda müəllim, daha almadan danışma”
Millət vəkili Yevda Abramov da Quba almasının durumundan narahatdır. O, Quba Rayon İcra Hakimiyyətinin keçirdiyi iclasda çıxış edərək bildirib ki, bir vaxtlar Quba almasının rayon iqtisadiyyatında çox böyük rolu var idi. İndi isə almalar çaylara tökülür:
“Nə qədər İqtisadiyyat və Sənaye Nazirliyinə bu barədə demək olar. Parlamentdə də dəfələrlə bu barədə təkliflər irəli sürmüşük. Milli Məclisdə çıxış üçün söz istəyəndə sədr deyir : “Yevda müəllim, daha almadan danışma””.
“Ya zirzəmidə, ya mal-heyvanın qabağında, ya da yol kənarında çürüyür…”
Kəndlilər almanı təkcə çaya atmırlar. Hətta kəndlərə gedənlər yol kənarına atılan, çürümüş almaları görə bilərlər. Ötən il çaya alma atdıqlarına görə Ekologiya Nazirliyi bir neçə kəndlini cərimələyib. Çaydan əli üzülənlər almaları yol kənarındakı zibilliklərə tullayır.
“Meyvələri atmağa heyfi gələnlər mala-heyvana verirlər. Düzdür, əvvəllər şirə zavodundan da gəlib alırdılar. Ancaq indi oradan da əlimizi üzmüşük. Alma yığımının ilk ayı 1-2 dəfə gəlib-getdilər. Aldıqlarını aldılar, almadıqları da, gördüyünüz kimi, ya zirzəmidə, ya mal-heyvanın qabağında, ya da yol kənarında çürüyür… Çürüyəndə də bilmirik hara ataq, neyləyək. Qalırıq əlində…”.
Bunu isə Qubanın Əlibəyqışlaq kənd sakini Yusif Əhmədov bizimyol.info-ya deyib.
“Qubada almanı kimə satasan, hamının bağında var…”
Yusif Əhmədovun 64 sotluq ərazini əhatə edən alma bağı var. Deyir, bağ var, məhsul da pis deyil, ancaq di gəl, malını sata bilmir. Kənd camaatı meyvələri Quba bazarına çıxara bilmir. Çünki Qubada hamının bağında alma var. “Alan olmur”, – deyirlər. Bakı bazarına isə… “Nə vaxt var, nə də həvəs”, – deyir Y. Əhmədov: “Üstəlik, qiymətdə də böyük fərq yoxdur. Burada da satanda 30 qəpik edir, Bakıda da. Əksinə, Bakıya aparmaq sərf etmir. Çünki yük maşınına da müəyyən qədər pul verməli olursan. Odur ki, oturmuşuq oturduğumuz yerdə”.
“Fermerin bazara birbaşa çıxışı məhdudlaşıb”
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, fermerlərin yerli bazarlara çıxışı problem olaraq qalır: “Ölkədə kənd təsərrüfatı sisteminin məhvindən sonra marketlərə verilən məhsullar bir mərkəzdən satışa çıxarılmağa başladı. Özlərinin soyuducusu olan bir neçə monopolist şirkət yerli əhalidən malları ucuz qiymətə alıb, marketlərə baha satır. Odur ki, fermerin birbaşa bazara çıxışı məhdudlaşıb. Çünki özlərinin istehsal etdikləri malları qış mövsümünə qədər saxlamaq imkanları yoxdur”.