Təqsirləndirilən şəxs: “İşgəncə nəticəsində elə vəziyyətə düşdüm ki, istintaq təcridxanasına qəbul etmədilər”
Bakının Nizami rayonu ərazisində – metronun “Neftçilər” stansiyasının yaxınlığında 39 yaşlı ananın 14 və 11 yaşlarında iki övladıyla birlikdə qətlə yetirilməsindən bir il ötür. Hadisənin bir ilinin tamamında bu cinayət işiylə bağlı məhkəmə prosesi də yekunlaşıb. Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan olunub. Hökmə əsasən, ana və iki övladını öldürməkdə təqsirləndirilən 42 yaşlı Əhəd Əliyev ömürlük azadlıqdan məhrum edilib.
Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısı Nərminin həyat yoldaşı olub. Sabirabad sakini olan 1981-ci il təvəllüdlü Əhəd Əliyev əvvəllər müəllim, Saatlı rayonunda 7 il məktəb direktoru işləyib. O, baldızını, eləcə də onun 14 yaşlı qızı Lamiyə ilə 11 yaşlı oğlu Ataxan Qaraxanlıları tamah məqsədilə qətlə yetirməkdə təqsirləndirilir.
Lakin Əhəd Əliyev ittihamı qəbul eləmir. O, 7 aydan çox davam edən məhkəmə prosesində dəfələrlə bildirib ki, bu cinayəti törətməyib. Onun sözlərinə görə, tutulanda ağır işgəncələrə məruz qalıb. İşgəncə nəticəsində elə vəziyyətə düşüb ki, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında onu qəbul etməyiblər. Onun sözlərinə görə, bu işgəncələrə dözməyərək, cinayəti törətməsi haqda etiraf ifadələrinə imza atıb.
Cinayət işinin materiallarında iddia olunur ki, Əhəd Əliyev Qaraxanovlar ailəsinin ev almaq istədiyini, mənzildə 25 min manata qədər pul olduğunu bilib. O, Gülnar Qaraxanova və ailəsinin Bakıda kirayə qaldığı mənzilə gəlib. Öncə baldızını bıçaqlayaraq qətlə yetirib. Uşaqlar hadisənin şahidi olduğuna görə onları da öldürüb. Evdə olan pulu da aparıb.
Zərərçəkmişin hüquqi varisi qismində Gülnar Qaraxanovanın həyat yoldaşı, uşaqların atası Fəsahət Qaraxanov tanınıb. Beynəlxalq yükdaşıma ilə məşğul olan Fəsahət Qaraxanov yük avtomobillərini idarə edir. Hadisə günü – 20 fevral 2022-ci ildə də o, evdə olmayıb, işiylə əlaqədar Rusiyada olub.
Fəsahət Qaraxanov məhkəmədə bildirib ki, Əhəd Əliyevin belə bir cinayət törətməsinə inanmazdı. Onun sözlərinə görə, hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının ilkin ehtimalı belə olub ki, ana və uşaqlarını öldürən ailəni tanıyan şəxs və ya şəxslər olub. Zərərçəkmiş bildirib ki, həmin vaxt bu versiyanı qəbul etməyib, yaxın adamların belə bir əməl törətməsini istisna edib: “Bu adamla bağlı heç vaxt inanmazdım. Çünki müəllim, məktəb direktoru olub, Kərbəlaya gedib-gəlib…”
Zərərçəkmiş əlavə edib ki, Əhəd Əliyevin həyat yoldaşı bir müddət öncə ondan yalanlarına görə ayrılmışdı.
Əhəd Əliyev isə son sözündə məhkəmədən şikayətlənib. O, hakimlərin bu işi ətraflı, obyektiv araşdırmadığını, istintaqdan gələn materialları olduğu kimi təsdiqləyib hökm çıxardığını bildirib: “əgər heç nəyi araşdırmayacaqdınızsa, daha 7 ay yarım məni niyə aparıb-gətirirdiniz? Bir vəsatətdən başqa heç bir vəsatətimizi təmin eləmədiniz. Bu boyda işdə nəyi araşdırdınız siz?”
Əhəd Əliyevin vəkili də ona qarşı ittihamın məhkəmədə sübuta yetirilmədiyini vurğulayıb. Vəkil bildirib ki, Əhəd Əliyevin keçmiş həyat yoldaşının hadisə günü harada olması, həmin ərəfədə telefonla kimlərlə əlaqə saxlaması məsələsi vacib olsa da. araşdırılmadı: “Hakim söz verdi ki, mobil operatordan bu barədə məlumatlar alınacaq, araşdırılacaq, amma alınmadı, araşdırılmadı. Bütün məsələləri Əhəd Əliyevin üstünə yıxmaqla iş bitir…”
Vəkil də çıxışında Əhəd Əliyevə bəraət verilməsini istəyib.
Lakin hakimlər belə nəticəyə gəlib ki, Əhəd Əliyevə qarşı ittiham sübuta yetirilib.
Hərçənd, hakim özü də məhkəmədə bildirib ki, bu cinayət işinin içindəki diskdə görüntülərin təxminən 4 dəqiqəlik hissəsi silinib. Görüntülərdin hansı səbəbdən silindiyi məlum deyil.
Prokuror isə bildirib ki, cinayəti Əhəd Əliyevin törətməsi evdən tapılan siqaretin üstündəki ağız suyu, ayaqqabının altındakı qan və s. faktlarla sübuta yetirilib.