Bakıda ana və iki övladı qətlə yetirilib

Qətl, Mənbə: alexeisido/shutterstock

Sakinlər: “Polis münaqişə yerinə gəlib, amma müdaxilə etmədən gedib”

Fevralın 20-də Bakının Nizami rayonundakı evlərdən birində ana və iki övladı qətlə yetirilib.

Qətlə yetirilən ailənin qonşuları iddia ediblər ki, münaqişə olan evdən kömək diləyən səslər gəlib və onlar polis çağırıblar, amma polis müdaxilə etmədən çıxıb gedib.

Baş Prokurorluğun məlumatına görə, fevralın 20-də 39 yaşlı Gülnar Qaraxanova və onun 14 və 11 yaşlı iki övladı Lamiyə və Ataxan Qaraxanovalar yaşadıqları mənzildə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Əhəd Əliyev saxlanılıb.

Əhəd Əliyevin əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışdığı bildirilir.

Məktəbdən də faktı təsdiqləyiblər.

Bildiriblər ki, cinayət törətməkdə şübhəli bilinən Əhəd Əliyev təxminən 2007-2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb: “O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər”.

Məktəbdən o da bildirilib ki, Əhəd Əliyev fəaliyyətində nöqsanlara yol verdiyinə görə işi məhkəmədə olub.

Gülnar Qaraxanovanın qonşusu Şəbnəm Qurbansoy BBC Azərbaycancaya deyib ki, qonşular polis çağırıb, lakin əraziyə gələn polis əməkdaşları “ailə münaqişəsi” olduğunu deyərək mənzilə daxil olmayıblar.

“Evdən uşaqların qışqırıq səsləri gəlirdi. Biz qonşular çölə çıxdıq. Uşaq çığırırdı ki, anamı öldürdü, kömək edin. Biz də yığışdıq qapını açmaq istədik, amma içəridən kimsə müqavimət göstərirdi qapını aça bilmədik”, – Şəbnəm Qurbansoy deyib.

Onun sözlərinə görə, evdə olan uşaqlardan biri polisə yalan deyib və polis də bunu yoxlamadan çıxıb gedib, qonşulara da “dağılışın“, – deyilib.

Baş Prokurorluq bildirir ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İkin məlumata görə, qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib.

Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi (DİN) isə açıqlama verərək bildirib ki, hazırda işlə bağlı araşdırma aparılır.

Polis əməkdaşlarının ünvana gedib-getməməsi, orada olub-olmamaları xidməti yoxlamada araşdırlır: “Hələ ki istintaq gedir və bu xidməti araşdırmanın nə qədər çəkəcəyini indidən demək tezdir”.

Qadın hüquqları müdafiəçiləri daim açıqlamalarında polisin ailə içi şiddət məsələlərinə laqeyd yanaşdığını bildirirlər. Məsələn, ötən il həyat yoldaşı tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın dəfələrlə şiddət görməsi ilə bağlı polisə müraciət etdiyini, lakin polisin zorakılıq göstərən şəxsi vaxtında həbs etmədiyini, sonun da qətllə bitdiyini vurğulayırlar.

Vəkil Zibeydə Sadıqova düşünür ki, qadınlar bir-birlərinə dəstək olmalıdırlar.

Qonşudan gələn döyülmə, şiddət səslərinə laqeyd yanaşmaq olmaz.

Ən azı, “mən bu səsləri eşitməyə layiq deyiləm”, – deyə düşünülməlidir: “İnsanlar ən birinci özlərinə hörmət edib zorakılıqla mübarizə aparmalıdırlar. Bəlkə, bundan sonra zorakılığa məruz qalan insan da nə baş verdiyinin fərqinə varar”.

Ana səhifəSosialBakıda ana və iki övladı qətlə yetirilib