“Bugün Azərbaycanda Amerika əleyinə dinləmələr keçirmək ölkəyə hansı nəticələrə və perspektivə başa gələr: Sualın birbaşa cavabı mənfidir”
Yanvarın 15-də Beynəlxalq Mətbuat Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Azərbaycanın yürütdüyü siyasətin daim milli maraqlara xidmət etdiyini və bu maraqları qorumaq üçün öz fəaliyyətini davam etdirəcəyini vurğulayıb: “Son günlər, son aylar ABŞ-da bir sıra dövlət qurumları, dövlət institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığını əks etdirməyən bəyanatlardır. Qeyri-hökumət təşkilatları tərəfindən bizə müraciətlər daxil oldu və biz də qərara gəldik ki, belə dinləmələr keçirək və görək ABŞ-da insan haqları nə vəziyyətdədir, Azərbaycanla bağlı belə bəyanatlar səsləndirməyin hansı əsasları var?
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov “Leqal korrupsiya və lobbiçilik – ABŞ siyasi sisteminin elementlərindən biri kimi” məruzəsində Amerika hökumətini korrupsiyada suçlayıb: “Hələ 2010-cu ildə ABŞ Ali Məhkəməsi deputatlığa namizəd olanlar üçün böyük pullar xərclənilib. Belə çıxır ki, onlar böyük maliyyələri hesabına deputat olublar”.
Politoloq deyib ki, 907-ci maddənin düzəlişi zamanı heç Azərbaycanın harada yerləşməsindən bəzilərinin xəbərləri olmayıb: “Beləcə leqal şəkildə mövqelər dəyişir. Uzağa getməyək, ABŞ-ın prezidenti Barak Obama prezident seçildikdən sonra onun senatorluq yeri boş qaldı. Onun yerində senator olmaq üçün külli miqdarda pul lazımdır. Bundan başqa, səfir vəzifəsinə getmək üçün 550-750 min dollar lazım imiş. Yəni, burada vəzifələr böyük vəsait hesabına alınır. Bu, onu göstərir ki, ABŞ-ın siyasi sistemində olmaq üçün korrupsiyadan istifadə etmək lazımdır”.
Millət vəkili Zahid Oruc Amerikada milli, irqi, dini ayrı-seçkiliyə dair tezislə çıxış edib. Bildirib ki, bu gün Amerika- Azərbaycan münasibətlərini dəstəkləyən insanlar bir sıra məsələlərdə xəyal qırıqlığı yaşayır: “Bu, Azərbaycanın öz xarici, geosiyasi siyasətini dəyişməsi deyil. Bir vaxtlar Tomas Cefferson da insanların qanun qarşısında bərabər olduğuna dair qanun hazırlayanda özünün 200 qulu var idi. Qarışıq nigahlara 87-ci ildə, səsvermə hüququ isə 68 ci ildə icazə verildi. Lakin bu o demək deyil ki, onlar cəmiyyətdə dövlət idarəçiliyində təsir dairəsinə malik oldular. İstər təhsilə əlçatanlıq, sosial durumun vəziyyəti baxımından digər irqin daşıyıcıları üçün bu, həmişə ağır oldu”.
“ABŞ-da bu gün də təhsildə ağdərili irqin daşıyıcılarının motivasiyası daha yüksəkdir. Bu gün ABŞ- da dərsliklərin böyük hissəsi qaradərililərin əleyhinə yönələn tezislər üzərində qurulub. Bu ölkədə hələ də hesab edirlər ki, qaradərililər Darvin nəzəriyyəsinin məhsullarıdır. Obamanın rəngi belə ölkədəki irqi ayrı-seçkiliyi aradan qaldırmayıb”,-deyə deputat bildirib.
Milli Şuranın komissiya sədri, sabiq millət vəkili Gültəkin Hacıbəyli Meydan TV-yə toplantını şərh edərkən bildirib ki, ən azından istənilən dinləmələr nəticəyə hesablanır. Ona görə sual yaranır, bu gün Azərbaycanda Amerika əleyinə dinləmələr keçirmək ölkəyə hansı nəticələrə və perspektivə başa gələr: “Sualın birbaşa cavabı mənfidir. Bu gün Amerikada MDB və Şərq ölkələri ilə bağlı dinləmələr keçirilir, bunun nəticəsində ciddi qərarlar qəbul olunur. Məsələn, Rusiya ilə bağlı dinləmələr keçirildi və şimal qonşuya sanksiyalar qoyuldu. Nəticədə Rusiya iqtisadiyyatı defolt vəziyyətə çatıb. Amerikada Gürcüstanla bağlı dinləmələr keçirilir və qonşu ölkə iqtisadiyyatına böyük yatırımlar qoyulur. Belə olanda Azərbaycanda ABŞ əleyhinə dinləmələr keçirmək nəticə etibarı ilə bizə heç nə vəd etmir. Əksinə, iki ölkə münasibətlərinə çox güclü zərbə vurur”.
Dinləmələrdə Vaşinqtonu korrupsiyada ittiham etməklə bağlı suala xanım Hacıbəylinin cavabı belə oldu: “Bu cür fikirlərin səslənməsinə çox təəssüflənirəm. Çünki bu fikirlər Amerikanın yox, Azərbaycanın imicinə ciddi zərbələr vurur. Hər hansı ölkədə korrupsiyanın olması istisna deyil və Amerikanın özündə də konkret faktlar hətta idarəetmə səviyyəsində ola bilər. Amma bunlar sistematik xarakter daşımırsa və üzə çıxdığı halda ən yüksək səviyyədə qınanılırsa, ciddi cəzalar olursa, bu, artıq dövlətin funksiyalarının icra etməsinin göstəricisidir. Ona görə səslənən fikirlər gülüncdür və belə danışanların özlərini də gülünc duruma salır”.