Bakıda aksiya: İlhamla irəli, evdə acından ölür Şirəli

Aksiyada dövlətin pandemiya dövrü işsiz vətəndaşlara ödədiyi 190 manatı ala bilməyən Bakı sakini də şikayətlənib.

Source: Specify Source


Aksiyada 20-dən artıq şəxsin saxlanıldığı bildirilir

Mayın 7-də bir qrup şəxs Bakının Nəsimi rayonu ərazisində, “28 May” metrostansiyası yaxınlığında etiraz aksiyası keçirməyə cəhd edib.

Aksiyanı vaxtilə Azərbaycandan mühacirətə gedən blogerlərin təşkil etdiyi bildirilir.

İştirakçıların əsas şikayəti pandemiyaya görə qapanmalar, bu səbəbdən bağlanan iş yerləri, artan işsizlik, çətin yaşayış, sosial problemlər, verilməyən uşaqpulu, yaşamağa çatmayan pensiya və s. ilə bağlı olub.

Polis aksiya iştirakçılarına mane olub, onların hadisəni işıqlandıran jurnalistlərə açıqlama verməsinə imkan verməyib.

“Pensiyalar kəsilib, camaat acından ölür. Dərman, yemək almağa pul tapmırıq. Şəkər adam insulin vurur, ancaq yeməyə nəyisə yoxdur” – deyən, aksiya iştirakçısını polis saxlayıb.

Aksiyada dövlətin pandemiya dövrü işsiz vətəndaşlara ödədiyi 190 manatı ala bilməyən Bakı sakini də şikayətlənib. Bildirib ki, ona həyat yoldaşının işlədiyini və buna görə yardım ala bilməyəcəyini söyləyiblər:

“Dolana bilmirik. Sosial yardım da vermirlər. Nə edək?”, – fikrini başa çatdırmağa macal tapmayan iştirakçını da polis saxlayıb və ərazidən kənarlaşdırıb.

Aksiya iştirakçıları həmçinin təhsildə, səhiyyədə olan problemlərdən də şikayətləniblər.

“İlhamla irəli, evdə acından ölür Şirəli”, – şüarı ilə çıxış edən 60 yaşlarında kişini də polis saxlayıb.

Aksiya iştirakçılarından Ceyhun Mirzəyev ümumiyyətlə, şikayətinin nə olduğunu söyləməmiş saxlanılıb və ərazidən uzaqlaşdırılıb.

Türkan Göyüşov isə işsizlikdən şikayətlənib: “Pulum yox, uşağımın yeməyi yox, çıxmışam haqqımı tələb etməyə onda da deyirlər, “burada durmaq olmaz”. Niyə, bura kimin yeridir? Niyə olmaz? Camaat zülm çəkir, buna baxan yoxdur, ancaq aksiyaya gəlincə, həmən tökülüb dağıdırlar” – deyən, iştirakçını da polis ərazidən kənarlaşdırıb.

“Azadlıq, azadlıq” – deyə, şüar səsləndirən qadın aksiyaçıya polis güc tətbiq edib və onu saxlayaraq maşına mindirib.

Meydan TV-nin hadisə yerində olan əməkdaşının deməsinə görə, aksiyada ümumilikdə 20-dən artıq şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) aksiya cəhdilə bağlı yaydığı açıqlamada bildirilir ki, Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda, razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:

“Cəhdin qarşısı polis tərəfindən dərhal alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur”.

Ana səhifəSosialBakıda aksiya: İlhamla irəli, evdə acından ölür Şirəli