Qızmar hava iyulun 6-dək davam edəcək
İyunun 21-dən bu günədək Bakıda 7 nəfəri gün vurub.
“Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev belə deyib.
O bildirib ki, gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.
Baş həkim vətəndaşlara günvurmadan qorunmaq məqsədilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi tövsiyə edib:
“Hətta yüngül dərəcəli günvurma hallarında belə, vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, isti və günəşli hava şəraiti iyulun 6-dək davam edəcək.
Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-39, rayonlarda 35-40, Mərkəzi Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 41-43, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.
G. Məmmədova qeyd edib ki, iyul ayında havanın temperaturu hər zaman yüksək olur: “İyul ayında əvvəllər Bakıda havanın maksimal temperaturu 40 dərəcə olub. Amma hələ ki, rekord göstərici təzələnməyib. Bakıda 37-38, Abşeron yarımadasında 35-39, Mərkəzi Aran rayonları və Naxçıvanda 41-43 dərəcə isti qeydə alınıb”.