Hadisəni törətməkdə şübhəli bilinən ata saxlanılıb
Bakının Səbail rayonu ərazisindəki evlərdən birində atanın 2 yaşlı oğluna bıçaqla xəsarət yetirdiyi iddia olunur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hadisə noyabrın 23-də axşam saat 20.00 radələrində baş verib.
İddiaya görə, Yevlax rayon sakini, 32 yaşlı Saqi Kərimov mübahisə zəminində 46 yaşlı qayınanasına yüngül xəsarət yetirib. Bu olay zamanı 2020-ci il təvəllüdlü uşaq da bıçaq xəsarəti alıb. Saqi Kərimovun uşağı vurandan sonra özünü boğaz nahiyəsindən bıçaqladığı bildirilir.
Yaralıların hər üçü xəsatəxanaya çatdırılıb. Saqi Kərimova xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra o saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.