Bakıda 12 yaşlı qızın cinsi zorakılığa məruz qaldığı bildirilir

Source: Meydan.TV

Prokurorluq hadisə ilə bağlı cinayət işi başlandığını deyir

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 12 yaşlı qızın iki nəfər tərəfindən cinsi təcavüzə məruz qalması haqda polisə şikayət daxil olub. Meydan TV-nin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, azyaşlının anası şikayətində övladının iki nəfər tərəfindən zorlandığını göstərib. Hadisəni törədən şəxslərin cinayəti telefonla lentə aldığı və həmin görüntülərin də yayıldığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin bu barədə soruğusuna cavab olaraq bildirilib ki, artıq cinayət işi başlanıb:

“2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə cinayət işi başlanıb”.

Cinayət işi araşdırmaların davam etdirilməsi üçün aidiyyəti üzrə Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

“Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – prokurorluqdan bildirilib.

Ana səhifəSosialBakıda 12 yaşlı qızın cinsi zorakılığa məruz qaldığı bildirilir