Nikol Paşinyan: “Sülh sazişi layihəsini Bakıya göndərmişik”
“Fevralın 15-də Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsi üzərində işini başa çatdırıb və sənədi Bakıya göndərib”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib.
Onun sözlərinə görə, təkliflərin yer aldığı sazişin tam variantıdır.
Paşinyan sənədin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə də verildiyini söyləyib:
“Aydındır ki, bu sənəd Azərbaycan üçün də məqbul olmalıdır və biz ümid edirik ki, danışıqların üç mərhələsi nəticəsində qeydə alınan müəyyən irəliləyiş inkişaf edəcək”.
“Sənəddə uzunmüddətli sülhün pozulmasına dair istənilən senarini istisna edəcək razılaşmalar, əməli mexanizmlər olmalıdır”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, sazişi imzalamağa hazırdır:
“Mən belə məsuliyyəti öz üzərimə götürməyə və onu daşımağa hazıram”.
Azərbaycan XİN: “Hazırda danışıqlar prosesi yoxdur”
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-nin təkliflərin alınıb-alınmaması ilə bağlı sualını detallı şərh etmək istəməyib.
O deyib ki, danışıqlar prosesində müəyyən layihə üzərində işlənilir:
“Amma Ermənistan sonuncu dəfə danışıqlar prosesini, yəni Moskva görüşünü boykot etdi. Hazırda danışıqlar prosesi yoxdur. Sadəcə, sənədlər üzrə təklif mübadilələri gedir. Mən hazırda təklifləri alıb-almadığımız barədə heç nə deyə bilmərəm”.
Fevralın 15-də Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir, lakin bu sənəd hələ yekun deyil.
Armen Qriqoryan deyib ki, Yerevan Stepanakert (Xankəndi) və Bakı arasında şəffaf beynəlxalq mexanizm çərçivəsində müzakirələrin aparılmasının tərəfdarıdır.
Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin A.Qriqoryanın dediklərini manipulyasiya adlandırmışdı.
“Yerevanın sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir”,-deyə nazirlik dünən yaydığı açıqlamada qeyd olunub.
Ondan əvvəl, fevralın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyada mətbuat konfransında demişdi ki, Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı daha bir təklif alıb və bu mətn üzərində işləyir.
Fevralın 8-də Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Berlində səsləndirdiyi açıqlamaya reaksiya verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın istinad etdiyi təkliflərin bir neçə gün deyil, 15 gün əvvəl təqdim edildiyini bildirib.
Onun sözlərinə görə, Mirzoyanın bəyanatından görünür ki, Yerevan sülh sazişi üzrə danışıqlar prosesində yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
2022-ci ilin mayında Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlaması üçün 5 bənddən ibarət təklifinə, özünün 6 şərti ilə cavab vermişdi.
Cavab bəndlərdə göstərilirdi ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiası olmayıb və yoxdur.
Xatırladılırdı ki, hər iki respublika 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması üçün razılaşmaya qol çəkərkən biri-birinin ərazi bütövlüyünü tanıyıb.
Bundan başqa, erməni tərəfi qeyd etmişdi ki, onlar üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət, onların hüquq və azadlıqlarına hörmət, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prioritetdir.
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov isə bu 6 bəndi təklif yox, Azərbaycanın təkliflərinə reaksiya kimi qiymətləndirmişdi.
“Sənədə baxarkən görünür ki, bunlar təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi”, – Ceyhun Bayramov jurnalistlərlə söhbətində deyib.
Tarixçə
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.