Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır

”Bu layihə neft gəlirlərini əvəz etməyəcək”

Source:


”Bu layihə neft gəlirlərini əvəz etməyəcək”

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olacaq.

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı gözlənilir.

R.T.Ərdoğan Azərtac-a müsahibəsində bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti region üçün strateji əhəmiyyətə malikdir.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

“Hazırda Cənub dəhlizində və Şimal dəhlizində dəniz də daxil olmaqla Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yükdaşıma müddəti təxminən 45-62 gündür. Eyni yük BTQ-nin istifadəyə başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Avropa İttifaqı (Aİ) ölkələrinə çatacaq. Başqa sözlə, Çin tərəfindən Aİ-yəgöndərilənyüklər BTQ xətti ilə birlikdə əvvəlki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq. Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10 faizi daşınsa, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab ediləcək”.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində layihə barədə fikirlərini bölüşüb.

O, layihənin siyasi əhəmiyyətinə toxunaraq qeyd edib ki, Azərbaycan üçün böyük bir layihənin maliyyə sponsoru olmaq əlavə siyasi dividentlər gətirdi-gətirəcək. Ölkəni Qəbrlə bağlayan növbəti lahiyənin olması siyasi cəhətdən yaxşı gəlişmədir. Region ölkələri, əsasən də Azərbaycanın Qərbə təbii pəncərəsi olan Gürcüstanla ələqələrin genişlənməsi üçün də layihənin önəmli əhəmiyyəti var. Eyni zamanda, Türkiyə ilə ticarət dövriyyəsinə və siyasi əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi üçün də əhəmiyyətli layihədir. Nəhayət, Şərq-Qərb dəhlizinin bir önəmli məntəqəsi olmaq Azərbaycanın siyasi çəkisini artırır.

N.Cəfərli layihənin iqtisadi əhəmiyyətinə toxunaraq qeyd edib ki,  rentabelliyi ilk gündən cəlbedici olmadığı üçün heç bir beynəlxalq investisiya institutu BTQ-a maraq göstərmədi.

Natiq Cəfərli

“Azərbaycan bu layihənin əsas donoru oldu, təqribən, 1 milyard dollar vəsait xərclədi. Gürcüstana 20 illik faizsiz kredit verdi. Deməli  layihənin ölkəmiz üçün rentabelliyə çıxması üçün uzun illər lazım olacaq. Hökumət bu layihənin iqtisadi təqdimatını şişirdib, gözləntiləri yüksəldib. Əslində bu layihədən gələn gəlir ilk illərdə 20-30 mln. Dolları keçməyəcək. Regional yükdaşımalarda əhəmiyyətli rol oynamağa başlasa da, beynəlxalq yükdaşımaları ölkə üzərindən həyata keçirmək problemli olacaq”.

İqtisadçı hesab edir ki, layihənin cəlbedici olması üçün “Pekindən Londona” yükləri daha tez daşınmasını təmin etməlidir, amma iki önəmli əngəl var: a) yüklər, qatarlar Xəzər dənizini bərələrlə keçməlidir, bu əlavə vaxt itgisi deməkdir, həm də hava şəraitinə görə bərə daşımalarında gecikmələr ola bilər. b) keçmiş SSRİ dəmir yollarının eni ilə, Türkiyə-Avropa yollarının eni arasında fərq var, buna görə Gürcüstan-Türkiyə sərhəddində vaqonların təkərlərinin dəyişdirilməsi üçün xüsusi məntəqə qurulub – bu proses də zaman itgisinə səbəb ola bilər.

Onun fikrincə, lahiyə iştirakçıları olan ölkələr vahid və ucuz tariff sitasəti yürütməlidirlər ki, marşrutun cəlbediciliyi artsın, bu isə ciddi problemdir:

“Layihənin rəqibi olan Çin-Qazaxstan-Rusiya-Avropa martşrutu artıq fəaliyyət göstərir, bu yolla rəqabət aparmaq üçün daha tez və daha ucuz təkliflər olmalıdır ki, bu da indi hələ real görünmür. Qısası, BTQ-dan ölkə hələ uzun illər ciddi dividentlər götürməyəcək, 25-30 ilə qoyulan vəsait geri dönsə böyük iş olacaq. Hökumət isə nahaq ümid edir ki, bu layihə hər hansı bir şəkildə neft gəlirlərini əvəz edə bilər – bu mümkün deyil”.

Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti haqqında” üçtərəfli saziş və yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda – Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi DəmirYolu” MMM arasında dəmiryolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” imzalanıb.

Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin – 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 ilmüddətinə 575 milyon dollar həcmində kredit ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan – Koordinasiya Şurası yaradılıb.

Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017 tarixinə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1 milyon dollar vəsait ayrılıb.

Dəmir yolu xətti ilə ilk konteynerlərin daşınması “ADY Konteyner” MMC-yə həvalə olunub.

Ana səhifəXəbərlərBakı-Tbilisi-Qars dəmir yolu xətti açılır