Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşub: ölən və yaralananlar var (yenilənib)

Yol qəzası. Foto: DİN

Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi də məlumat yayıb.

Bildirilib ki, Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Nəticədə  “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb.

Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


1 nəfər ölüb, xəsarət alan 18 nəfər xəstəxanaya yerləşdirilib

Bakı-Sumqayıt yolunda 2 avtobusun toqquşduğu bildirilir.

Hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində çağırış daxil olub.

Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər isə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yaralananlardan ikisinin vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.

Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Ana səhifəSosialBakı-Sumqayıt yolunda 2 avtobus toqquşub: ölən və yaralananlar var (yenilənib)