Fevralın sonunda Belarusdan Bakıya 2015-ci ilin mayında alınan 5 qatarın 4-cüsü gətiriləcək
“Azərbaycan Dəmir Yolları” QSC fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət intensivliyini sutkada 10 reysdən 12 reysə artırır.
Qərar sərnişinlərin arzu və təklifləri nəzərə alınaraq qəbul edilib.
ADY-nin mətbuat xidmətindən “Turan İA”-a bildiriblər ki, elektrik qatarlarının yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək.
Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə 3 ikimərtəbəli KİSS markalı, Stadler-Minsk zavodunun istehsalı olan elektrik qatarı hərəkət edir.
ADY sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov agentliyə bildirib ki, fevralın sonunda Belarusdan Bakıya 2015-ci ilin mayında alınan 5 qatarın 4-cüsü gətiriləcək.
Elyar Muradovun sözlərinə görə, sərnişin daşımalarının rentabelliliyi üçün bu marşrutla biletin qiyməti azı 3 manat olmalıdır. Tarif Şurasının qərarı ilə biletin qiyməti 0,80 manat təyin edilib. Amma ADY biletin qiymətinin artırılması məsələsinə baxmır, deyə dəmir yollarının təmsilçisi qeyd edib.