Bu gün bəzi saytlarda, həmçinin sosial şəbəkədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evində vəfat etməsi barədə xəbər yayılıb.
Keçmiş nazirin ölüm səbəbi kimi ürək tutması göstərilir. Bildirilir ki, Mahmudovun Bakı ərazisindəki bağ evinə təcili yardım çağırılıbmış.
“Lakin həkimlərin səylərinə baxmayaraq, keçmiş naziri xilas etmək mümkün olmayıb”, deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı Sputnik Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə müraciət edib. “Bakı şəhəri üzrə Eldar Mahmudovun adına çağırış qeydə alınmayıb”, deyə Nağıyev bildirib.
Bundan əlavə, Bakı şəhər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində də Sputnik-ə Mahmudovun ölümü barədə məlumatlı olmadıqlarını bildiriblər.
“Əgər bu qəfil ölümdürsə, meyit patoloqoanatomlar tərəfindən müayinə edilməlidir. Eldar Mahmudovun cəsədi morqa gətirilməyib”, deyə Birlikdən bildiriblər.
Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də Azərbaycan prezidentinin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad olunub. Nazirliyin hazırda işdən azad olunmuş bir çox əməkdaşları barəsində isə cinayət işi başlanılıb.