Bakı Şəhər Polisi: ”Aslan İsmayılov barəsində istintaq davam edir”

”O, hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərib”

Source:


”O, hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərib”

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) vəkil Aslan İsmayılovun ona qarşı qondarma cinayət işinin açılması və saxta ittiham irəli sürülməsi barədə

fikirlərinə

münasibət bildirib.

BŞBPİ-dən APA-ya deyilib ki, oktyabrın 2-də səhər saatlarında Binəqədi rayon Məhkəməsinin inzibati binasında Bakı şəhər sakini H. Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərarına vəkil Aslan İsmayılov iclas zalında yüksək tonla etiraz edib:

“O, hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərib. Bu da alınmadıqda üzünə bağlanmış qapıya əli ilə zərbələr endirib. Başqa vaxt qanunların aliliyindən danışan, hüquqlarını qoruduğu vətəndaşlara örnək olmalı olan bu şəxs qanunsuz hərəkətlərini məhkəmənin həyətində də davam etdirib. İşə baxan hakimin və məhkəmə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr söyləyib”.

Məlumatda bildirilir ki, Aslan İsmayılovun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, məhkəmənin iş rejimini pozan xuliqanlıq hərəkətləri barədə Binəqədi rayon Məhkəməsinin işçiləri tərəfindən müvafiq akt tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.

Toplanmış materiallar əsasında prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib.

İstintaq zamanı A.İsmayılov və şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, ekspertizalar təyin olunmaqla müvafiq rəylər alınıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Aslan İsmayılov bu hadisəni özünə qarşı təxribat kimi qiymətləndirir:

“Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq, haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim.

Aslan İsmayılov
Aslan İsmayılov

Bugünə qədər dediklərimi bir daha təkrarlayıram. Azərbaycana gəldiyim 1989-cu ildən bu günə qədər heç bir dəstədə olmamışam. Bütün varlığımla hakimiyyət üçün deyil, dövlətim üçün çalışmışam və bundan sonra da çalışacağam. Məni həbslə qorxutmaq, tutduğum yoldan çəkindirmək istəyənlərə də bir daha bildirirəm, Azərbaycan mənim vətənimdir və burada baş verən qanunsuzluqlara, biabırçılıqlara özümü cavabdeh saymışam və sayacam. Çətinliyə, ittihamlara məruz qalsam da, hakimiyyətə maksimum loyal yanaşmağa çalışmışam, bildiklərimin, gördüklərimin az hissəsini ictimaiyyətə çatdırmışam. Sadəcə həbsimlə mənə hərəkətlərimdə daha çox azadlıq verəcəksiniz. Bilin, nəinki həbsim, ölümüm də məni oğru, quldurların qarşısında əyməyəcək”.

A.İsmayılov 1986-1989-cu illərdə Rusiyada Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

1996-cı ildə “Viza” hüquq firmasını, 2006-cı ildə “Aslan İsmayılov və partnyorları” vəkil bürosunu təsis edib.

Ana səhifəXəbərlərBakı Şəhər Polisi: ”Aslan İsmayılov barəsində istintaq davam edir”