Bakı sakini: Uşağım iki gün ac qalıb

“İş yox, qaz yox, tavan da başımıza uçur”

Source:
İbrahim İbrahimov
İbrahim İbrahimov


“İş yox, qaz yox, tavan da başımıza uçur”

Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi, 51 ünvanında ümumi sahəsi 19 kvadratmetrlik evdə yaşayan İbrahimovlar ailəsinin problemləri bitib-tükənmək bilmir.

Kəmalə İbrahimova deyir ki, illərdir darısqal daxmada yaşayıb. Dəfələrlə tavan üstlərinə uçub. Plana düşən həmin evə görə isə ödəniləcək təzminatın vaxtı məlum deyil:

“Evin tavanına baxsanız, qorxarsınız, həyat yoldaşım güclə, drellə yerinə bərkidib. İki dəfə gecə saat 3-də, uşaqla yatdığım yerdə tavan üstümüzə uçub. Bir də günortaçağı mənim başıma düşüb. Bir neçə gün öncə oturmuşdum, hamamla, mətbəxin arasındakı tavan uçdu. Uşağım xəstədir, epilepsiyası (beyin hüceyrələrində qəfildən başlayan anormal sinir tutmaları) var. Həkim deyib ki, uşağa o evdə yaşamaq olmaz. Yoldaşım 3 ildir ki, işsizdir. Özüm isə ali təhsilli olsam da, övladımın səhhəti ilə əlaqədar işləməmişəm. O evi elə qoyub, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində anamın puluyla 7 ilə yarımçıq tikilən evə köçdük. Çünki artıq şəhərdəki balaca daxmada yaşamaq mümkün deyildi. Özünüz təsəvvür edin, mən oranı necə kirayə verim? Özüm oradan qaçıram. Burada da bir otaq tikmişik ki, yaşamağa yerimiz olsun. İşığımı və suyumu həyat yoldaşımın dayısının oğulları yığışaraq, pul qoyub çəkiblər. Lakin qazımız yoxdur. Onu da özümüz çəkdirmək istədik. “ASAN Kommunal” mərkəzinə müraciət etdik. Gəlib, baxdılar, dedilər ki, evinizə qazın çəkilməsi üçün 262 manat pul verməlisiniz. Bu azmış kimi, məndən 5 manat da “şirinlik” istədilər. O məbləğdə pulu ən son nə vaxt gördüyümü xatırlamıram. Balaca qaz (propan) balonum var. 2 manat verib, qaz vururuq, xörəyimi bişirirəm. Bəzən isə qaz qurtarır, vurmağa da pul olmur. Bir neçə gündür ki, xörəyi qonşuda bişirirəm. Gözümün ağı-qarası bir uşağım var. Qışın soyuğunda onun ciyərləri xəstə düşsə, mənim bu dövlətim onu müalicə edəcək?”

Kəmalə xanımın həyat yoldaşı 1961-ci i təvəllüdlü İbrahim İbrahimov 3 ildir ki, işsizdir. Əvvəllər Bünyad Sərdarov adına Maşınqayırma Zavodunda işləyib. 2015-ci ildə ölkədə baş verən ilk devalvasiyadan sonra onu ixtisara salaraq işdən çıxarıblar:

“Yoldaşım zavodda tornaçı işləyirdi, orta maaş alırdı, birtəhər dolanırdıq. O vaxtdan hara müraciət edib, deyiblər ki, 51 yaşın var, qocasan. Bu, harada görünüb? Belə çıxır ki, Azərbaycanda 40-50 yaşdan sonra insana iş yoxdur? Bu insan yaşamamalıdır, acından ölməlidir? 50 yaşında adamın ailəsi, uşağı, problemi yoxdur? Asəf Zeyanllı adına musiqi məktəbinin fortepiano şöbəsini bitirmişəm. Dediyim kimi, uşağı qoyub işləyə bilmirəm. Uşağım beyindaxili təzyiqlə doğuldu. Səhhətinə görə işləməkdən imtina etdim. Dolanışığımız yoxdur. Bizi qohum-əqraba saxlayır. Mənim bu evə köçməyimin pulunu əmimoğlu verib. Bazarlığımı edib, gətirib ki, övladım ac qalmasın. Özü cavan oğlandır. Gəlib, birotaqlı evimdə qalır ki, qazancından mənə kömək etsin. Uşağım 2 gün ac qalıb. Qazanı açıb, quru çörək tapıb, kənara qısılıb, ağlaya-ağlaya onu yeyib. Həmin an mən hansı hissləri keçirmişəm, onu bir Allah bilir”.

İsmayıl İbrahimov isə “zülm, zillət, səfalət içərisində yaşamaqdan boğaza yığılmışam”, – deyir:

“51 yaşım var deyə məni heç bir yerdə işə götürmürlər. Belə çıxır ki, mən yaşda insanlar ağzına çörək yeməməlidir? Deməli, biz acından ölməliyik də. Hara gedəcəyimizi bilmirik. Vətəndaşlıqdan imtina edim? Artıq bezmişəm. Uşağım böyüyüb, ikinci sinfə keçib, mən hələ də işsizəm. Belə getsə, ümumiyyətlə, Azərbaycandan çıxmalıyam, başqa yolum yoxdur. Başqa ölkəyə getsəm, məni qaçqın kimi saxlayacaqlar. Amma öz ölkəm məni vətəndaşı kimi saxlamır. İş üçün hara gedirsən, pul istəyirlər. Mən nə etməliyəm? 2 il yarım müharibədə olmuşam, Müharibə əlili kimi 55 manat alıram. Təsəvvür edin, ayda evimə 55 manat pul girir. Sizcə, o pulla 1 ay dolanmaq olar? Mən üzümü ölkə başçısı İlham Əliyevə, xanımı Mehriban Əliyevaya tuturam, Azərbaycanda adam kimi yaşamağımıza şərait yaratsınlar.

“Azəriqaz” İstehsalat Birliyinindən Meydan TV-yə bildiriblər ki, vətəndaş fərdi yaşayış yerini qazlaşdırmaq istəyirsə, dövlət rüsumu olaraq 262 manat ödəməlidir:

“Həmin məbləğ 10 metr məsafəyə qədər nəzərdə tutulub. 262 manata işçi pulu, texniki icra, layihə və smeta sənədlərinin hazırlanması daxildir. Yaşayış məntəqəsi həmin məsafədən kənarda olarsa, qiymət fərqi artır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşa pulsuz olaraq yalnız məişət qaz sayğacı verilir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən isə iş tapa bilməyən şikayətçinin məsələ ilə bağlı qeydiyyatda olduğu rayonun məşğulluq mərkəzinə müraciət etməsi tövsiyə olunub.

Ana səhifəXəbərlərBakı sakini: Uşağım iki gün ac qalıb