İşdən hazırda apelyasıya məhkəməsi verilib
Bakı sakini Ağası Hüseynov məhkəmə ədalətsizliyi nəticəsində evsiz qaldığını deyir. O, əleyhinə qanunsuz qərarların verilməsi, evinin əlindən alınmasına görə Ədliyyə nazirinin müavini Azər Cəfərovu ittiham edir. A.Hüseynovun iddiasına görə, qarşı tərəfə bu işləri görməkdə yaxın qohumu olan nazir müavini yardım edib.
A.Hüseynovun ailəsinin evindən məcburi çıxarılması işi hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Ona görə bu məhkəmənin sədri İman Nağıyevə məktub ünvanlayaraq, nazir müavininin təzyiqi qarşısında davam gətirib, ədalətli qərar çıxarılmasını xahiş edib.
A.Hüseynovun ailəsilə birlikdə yaşadığı mənzil Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanındakı 18 mərtəbəli binada yerləşir. Yasamal Rayon Məhkəməsi onun Fuad İbrahimova 85 min dollar ödəməsi barədə qərar çıxarıb. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərov da bu qətnamənin icrası kimi, həmin mənzilin A.Hüseynovdan alınıb F.İbrahimova verilməsi barədə qərar çıxarıb. Binanı inşa edən “Tamam” firmasına da məktub göndərilib ki, mənzil F.İbrahimovun adına rəsmiləşdirilsin.
A.Hüseynov qanunvericiliyə əsaslanıb deyir ki, bu qərar qanunsuzdur. Qanuna görə, ailənin yeganə yaşayış yeri müsadirə oluna bilməz. Yəni ailənin yaşamağa başqa yeri yoxdursa, həmin mənzilin müsadirəsini qadağan edir. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarında məhkəmə qərarı icra olunarkən tələbin əmlaka yönəldilməsinə yol verilməyən hallar da əksini tapıb. O hallardan biri də borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilin olmasıdır:
“İcra məmurunun bu qərarı qanunsuz və əsassızdır. Üstəlik, bu qərarın surəti nə mənə, nə ailə üzvlərimə, nə də nümayəndəmə verilib. Xeyli müddət sonra “Tamam” firmasının məktubuyla xəbər tutmuşuq ki, belə bir qərar varmış. Dərhal Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edib, qərardadın surətini istəmişik. Alan kimi də ondan şikayət vermişik. Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova qərar çıxarıb ki, biz şikayət vermək üçün müddəti ötürmüşük. Halbuki, biz qərarı alan kimi şikayət vermişik. İcra məmuru iddia edir ki, guya onlar vaxtında qərarı göndəriblər, binanın komendantı qəbul edib. Qərar bizə çatmayıbsa, bizi müddəti ötürməkdə necə günahlandırmaq olar?”
Sözügedən mənzil artıq Dövlət Reyestr Xidmətində F.İbrahimovun adına rəsmiləşdirilib. A.Hüseynov bildirir ki, bu, həmin qurumun məmurlarının özbaşınalığıdır: “Məhkəmələr və məmurlar bu işdə bütün qanunları ayaqlar altına atdılar…”
A.Hüseynov Bakı Apelyasiya Məhkəməsinin sədrinə məktubunda yazır ki, bu prosesdə iştirak edən məmurlar Ədliyyə Nazirliyindən gələn sifarişlə hərəkət etdiklərini gizlətmirlər.
Qarşı tərəf isə bu iddialarla razılaşmır. Bildirir ki, A.Hüseynov heç həmin evdə qeydiyyatda deyil, başqa mənzildə qeydiyyatdadır.
F.İbrahimov xalası oğlu olan A.Hüseynovu məhkəməyə verərək, ona qarşı iddia qaldırıb. O, iddia edir ki, dövlət orqanlarına ünvanlanan şikayətlər əsassızdır.