Səhiyyə naziri yaralıların hansı səbəbdən xəsarət aldıqlarının hələlik məlum olmadığını deyib
Bakı-Qroznı reysi zamanı qəzada xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Səhiyyə naziri Teymur Musayev Bakıya gətiriləndən sonra Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, Qazaxıstanda müalicəsi davam edən üç nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir.
![Teymur Musayev](https://www.meydan.tv/wp-content/uploads/1610782405_0d464ab9-444d-4815-98b2-ddbdec04f026.jpg)
Onun sözlərinə görə, həmin şəxslərin müalicəsi daim nəzarət altındadır və Bakıdan oraya həkim, tibb bacısı qrupu göndəriləcək.
Səhiyyə naziri yaralıların hansı səbəbdən xəsarət aldıqlarının hələlik məlum olmadığını deyib.
“Onların qəlpə, yaxud güllə yarasından xəsarət aldıqları barədə konkret nəsə deyə bilmirik. Çünki bu başqa araşdırma mövzusudur”, – səhiyyə naziri deyib.
Teymur Musayev həmçinin deyib ki, aviaqəza nəticəsində şəxsiyyəti müəyyənləşdirilməyənlərin DNT analizləri götürülüb.
AZAL-ın Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
“Euronews” Azərbaycanın hökumət mənbələrinə istinadən yazıb ki, Aktauda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasına Rusiyanın yer-hava raketi səbəb olub.