Ceyhun Bayramov bu məsələni Draqana Kojiçlə müzakirə edib
Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa hazır olduğunu bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə bildirilir.
Erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfi bəyan edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə onlara yardım göstərmək imkanı var.
Bu müzakirə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş zamanı edilib.
Görüşdə həmçinin Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri də müzakirə olunub.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb:
“Aprelin 23-dən bu yana yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşıb. Bunu həzm edə bilməyən Ermənistan iyunun 15-də keçid məntəqəsini atəşə tutub. Beləliklə, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib”.
Nazir qeyd edib ki, Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər görür.
XİN bildirir ki, Ermənistandan gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair zəmanət almaq lazımdır.
Azərbaycan bu ilin aprelində Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsi yaradıb.
Ermənistan bu addımı 44 günlük müharibədən sonra, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli razılaşmaya (Azərbaycan, Ermənistan və Rusiya arasında) zidd sayıb.
Azərbaycan isə öz ərazisində keçid məntəqəsi qurmağın haqqı olduğunu açıqlayıb.
İyunun 15-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) açıqlama verərək Laçındakı keçid buraxılış məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib.
Qeyd edib ki, atəş nəticəsində bir nəfər DSX hərbi qulluqçusu da yaralanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) isə Azərbaycan tərəfin dediyini yalanlayıb. Bildirib ki, iyunun 15-də əksinə, Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusu Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Həkəri körpüsünə doğru hərəkət etməyə cəhd göstərib. Onlar da bu cəhdin qarşısı alıblar.
Azərbaycan tərəfi isə bu açıqlamanın qarşılığında bayrağın Azərbaycan ərazisinə sancıldığını bəyan edib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabaö müharibəsi yaşanıb.
Hər iki tərəfdən 6 mindən çox insan həyatını itirib.
Ardından Ermənistan, Azərbaycan və Rusiya arasında atəşkəs müqaviləsi bağlanıb və Laçın dəhlizinə Rusiya sülhməramlıları yerləşdirilib.
Atəşkəs müqaviləsinə baxmayaraq tərəflər arasında bu zamanadək ikisi böyük olmaqla, dəfələrlə silahlı insident yaşanıb, yüzlərlə hərbçi həyatını itirib. Bu hadisələrin hər birində tərəflər bir-birini günahlandırıb.