Rövnəq Abdullayev: “Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir”
Dövlət komissiyası Bakı Olimpiya Stadionunun təhvil-təslim aktını imzalayıb. Report.az-ın məlumatına görə, bu barədə jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib. O bildirib ki, stadion Gənclər və İdman Nazirliyinə ən yüksək standartlara uyğun vəziyyətdə təhvil verilib. R.Abdullayev arenanın çökdüyü barədə xəbərləri təkzib edib:
“Hamısı boş şeydir, şayiədir. Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Mən də bu şayiələri eşitdim. Bu, Azərbaycanda təşkil olunacaq nüfuzlu yarışa növbəti dəfə qara yaxmaq cəhdidir”.
Bakı Olimpiya Stadionunda ilk nüfuzlu tədbir iyunun 12-də keçiriləcək. Həmin gün I Avropa Oyunlarının açılış mərasimi təşkil olunacaq.
Mətbuatda və sosial şəbəkələrdə dolaşan şayiələrə əsasən, yeni tikilən stadionun içində çöküntü baş verib. Stadionun türk mühəndisi isə təzyiqlərə dözməyib intihar edib. Hüquq-mühafizə orqanları yayılan məlumatla bağlı heç bir açıqlama verməyib.