Hər iki məmur vəzifə səlahiyyətini aşmaqda və rüşvət almaqda ittiham olunur
Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri və bu qurumun məsləhətçisi həbs olunub. Onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin iyulun 25-də agentlikdə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Baş Prokurorluğun mətbuat xidməti əməliyyatın təfərrüatlarını açıqlayıb.
Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və şöbənin məsləhətçisi Hikmət Vəlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət almaqda ittiham olunur.
Prokurorluğun məlumatında iddia edilir ki, onlar paytaxt ərazisində parklanma sahələrinin təşkili üçün müvafiq prosedurların həyata keçirilməsindən ötrü müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat rüşvət alıblar.
Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Binəqədi Rayon Məhkəməsinin qərarıyla istintaq dövrü üçün onların haqqında həbs qətimkan tədbiri seçilib.
Vüqar Hüseynov və Hikmət Vəlizadənin bu ittihamlara münasibəti, onların özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.