Bakı Neft Emalı Zavodunun təmirinə 1,5-1,7 milyard dollar xərclənəcək

”Yenidənqurma işlərindən sonra istehsal artacaq”

Source:
foto SOCAR
foto SOCAR


”Yenidənqurma işlərindən sonra istehsal artacaq”

“Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması və modernləşməsinə 1,5-1,7 mlrd dollar xərclənəcək”, – deyə SOCAR-ın stateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

Onun sözlərinə görə, iki il öncə layihə 1 mlrd, sonra isə 1,3 mlrd dollar qiymətləndirilirdi.

“Avqustda zavodda təmir işləri ilə əlaqədar istehsal dayananda xarici şirkətlər dəvətimizlə tədqiqat apardı və avadanlıqları yoxladı. Bu qurğular on illərlə fəaliyyət göstərən qurğulardır və daha çox sərmayə qoymaq lazımdır. Dəqiq rəqəmi hələlik demək çətindir. Bir neçə ay sonra bilinəcək “, – deyə vitse-prezident bildirib.

Tofiq Qəhrəmanov deyib ki, indiyədək Bakı Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsinin icrası üçün 80 mln manat həcmində vəsait xərclənib.

“NEZ-də 4 qurğu yenidən qurulacaq, 12 yeni qurğu tikiləcək. Bu işlərin görülməsində əsas məqsəd zavodda istehsal olunan neft məhsullarının həm keyfiyyətini “Euro-5” standartına çatdırmaq, həm də neft emalının kəmiyyətini artırmaqdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bunun üçün iki tender keçiriləcək. İlk tender yanvarda, digəri isə apreldə başlayacaq.

“Birinci tender əsasında yeni qurğuları tikən, ikinci tenderdə yenidənqurma işlərini aparacaq podratçı şirkət seçiləcək. Hazırda təqribən 1,3 mln. ton benzin istehsal olunursa, yenidənqurma işlərindən sonra bu rəqəm 2,2-2,3 mln. tona çatacaq. Dizel yanacağı 2,3 mln. tondan 2,9 mln. tona, aviayanacaq 700 min tondan 1 mln. tona çatdırılacaq” – deyə o əlavə edib.

NEZ-də istehsal edilən neft məhsullarının 37 faizi dizel, 25 faizi avtobenzin, 13 faizi kerosin, 25 faizi isə digər məhsullar olacaq.

Ana səhifəXəbərlərBakı Neft Emalı Zavodunun təmirinə 1,5-1,7 milyard dollar xərclənəcək