Apellyasiya Məhkəməsi və Ali Məhkəmə səhmlərin satışının qanunsuz olduğu qənaətinə gəlib
Konstitusiya Məhkəməsi “Bakı” mehmanxanası ilə bağlı keçirilən səhm hərracını qanunsuz sayan məhkəmə qərarlarını ləğv edib. “Turan” agentliyi yazıb ki, “Bank Technique” ASC birinci instansiya məhkəməsinə müraciət edərək Baki mehmanxanasının səhmlərinin satıldığı hərracın qanunsuz hesab edilməsi barədə iddia qaldırıb.
Cavabdehlər Səbail rayon İcra Şöbəsi, Bakı Fond Birjası, 853036 səhmin sahibi R.Kərimov olub. Üçüncü şəxs qismində isə yalnız Milli Depozit Mərkəzi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi prosesə cəlb olunub.
Rayon məhkəməsi iddianı rədd etsə də, Bakı Apellyasiya Məhkəməsi, ardınca isə Ali Məhkəmə iddiaçının xeyrinə qərar çıxararaq səhmlərin satışının qanunsuz olduğu qənaətinə gəlib.
Ali Məhkəmənin qərarından sonra üçüncü tərəf olduğunu iddia edən, Bakı mehmanxanasının səhmlərinin bir hissəsini alan fiziki şəxs Hüseyn Marayev Konstitusiya Məhkəməsinə müraciət edərək məhkəməyə cəlb edilməməklə hüquqlarının pozulduğunu bildirib. O, Ali Məhkəmənin qərarının ləğv edilməsini tələb edib.
Konstitusiya Məhkəməsi tələbi təmin edib. Məhkəmənin qərarına görə, apelyasiya və kassasiya instansiyaları qərar verərkən mülkiyyət hüququnun və bu iş üzrə üçüncü tərəfin məhkəmə müdafiəsi hüququnun pozuntusuna yol verib.
Mülki-prosessual qanunvericiliyə uyğun olaraq, Bakı mehmanxanasının səhmlərinin satıldığı hərracın qanuniliyi yenidən araşdırılmalıdır.
“Bakı mehmanxanası” Açıq Səhmdar Cəmiyyətinin S.Vurğun bağı ilə üzbəüz binası 2013-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə sökülüb.