Nazim Bəydəmirli: Paytaxt rəhbərliyi yağışla mübarizə aparmaq əvəzinə yağış kollektorlarını kanalizasiya xəttinə birləşdirib
“Bakı şəhərinin küçə və prospektlərində 2016-2017-ci illər payız-qış mövsümü ilə əlaqədar olaraq kompleks tədbirlər həyata keçirilir. Belə ki, zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları, həmçinin palçıq və toz basmış körpü və yol elementləri yuyularaq təmizlənir, həmçinin küçələrdə cari təmir işləri aparılır”.
“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, kompleks tədbirlər çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür.
“Sözügedən işlər Yusif Səfərov, həmçinin Əliyar Əliyev küçələrinin Heydər Əliyev prospekti ilə kəsişən hissələrində aparılır. Bu ərazilərdə əlavə yağış-kanalizasiya xətləri çəkilir, yeni yağış barmaqlıqları qoyulur. Ümumilikdə son 1 il ərzində Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 6 km-ə yaxın yağış-kanalizasiya xətləri çəkilib.
Bu işlərə paralel olaraq sözügedən ərazilərdə və Ziya Bünyadov prospektində mövcud xətlərin isə təmizlənməsi işləri aparılır.
Yağan yağıntılar və intensiv hərəkət nəticəsində küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərinə də start verilib.
Təmir-bərpa işləri zamanı deformasiyaya uğramış və dağılmış asfalt-beton örtüyü yenilənir. Bundan başqa, qəzalar zamanı dağılmış, həmçinin palçıq və toz basmış körpü və yol elementlərinin (körpülərin mühəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıq əksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s.) xüsusi təyinatlı işçi qrupu tərəfindən təmiri və yuyularaq təmizlənməsi işləri də aparılır”.- “Azəravtoyol” ASC-nin məlumatında deyilir.
Məlumatı Meydan TV-yə şərh edən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli yağış sularının tez bir zamanda çəkilməsi üçün yağış kollektorlarının vacib olduğunu xatırladıb: “Amma paytaxtda abadlıq işləri zamanı sovet illərində qoyulan yağış kollektorları sıradan çıxarılıb. Nəticədə yağışlı hava olan kimi problemlər üzə çıxır. Eyni zamanda, körpülər, yol keçidləri salınan zaman nasoslar qurulur ki, su kanalizasiya sisteminə vurulsun. Nasoslar isə müəyyən vaxtlarda işə düşmür, yaxud xarab olur, ardıcıl nəzarət edilmir və şəhər suya qərq olur”.
Nazim Bəydəmirli Milli Məclis üzvü olduğu zaman bir türk iş adamının xahişi ilə məsələni həm parlamentdə, həm də müvafiq qurumlar qarşısında qaldırdığını dedi: “İş adamı tenderdə qalib gəlmişdi, o, asfaltı sökmədən kanalizasiyanın təmizlənməsi və bərpasıyla bağlı yeni texnologiya gətirmişdi. Təəssüf ki, iş adamına qoyulan şərt prosesin işə salınmasına əngəl yaratdı. Görüşdüyüm rəsmilərlə söhbətdən məlum oldu ki, paytaxt rəhbərliyi yağışla mübarizə aparmaq əvəzinə yağış kollektorlarını kanalizasiya xəttinə birləşdirib. Nəticədə indiki vəziyyət yaranıb. Halbuki, yağış suyu təmiz olduğundan onun yaxınlıqdakı gölə və dənizə axıdılması mümkündür, bunu etmək əvəzinə yağış kollektorlarını kanalizasiyaya birləşdiriblər. Sadəcə, asan yol seçiblər. Əgər görülən işlər də əvvəlki kimi təkrarlanacaqsa, daha böyük problemlər yaşanacaq. Çünki texniki şərtlərə görə ayrı-ayrı xətlər olmalıdır, yağış sularının axıdılmasıyla kanalizasiya xətti fərqli texnologiya əsasında qurulmalıdır. Təəssüf ki, bir iş üçün iri həcmdə vəsait xərclənir”.